RU

Laosun Ali Xalq Prokurorluğu ilə Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 23-də Baş prokuror Kamran Əliyev Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Baş prokuror görüşdə ölkələrimiz arasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman, yəni 1995-ci ildən diplomatik əlaqələrin qurulmasını, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsini, hazırda da dövlət başçıları arasında yaxşı münasibətlərin olmasını və bunun qarşılıqlı əlaqələrin bütün sahələrinə müsbət təsir göstərməsini vurğulayıb.

Ötən ilin sentyabrında Şərq İqtisadi Forumu çərçivəsində Laoslu həmkarı ilə aralarında keçirilmiş ikitərəfli görüşü xatırladan Baş prokuror həmin görüşdə müzakirə edilmiş əməkdaşlıq perspektivlərinin prokurorluqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.

Bundan başqa, görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi barədə məlumat verilib.

Laosun Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, səfərin əlaqələrin gələcəkdə də inkişaf etidirilməsi, eyni zamanda, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Tərəflər, həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələləri müzakirə ediblər.

Sonda Azərbaycanın Baş Prokurorluğu ilə Laosun Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Избранный
27
14
sia.az

10Источники