Almaniya kansleri Fridrix Merz ölkənin müasir tarixinin ən ağır mərhələlərindən birini yaşadığını bəyan edərək, vəziyyətdən çıxış yolu kimi genişmiqyaslı islahatların vacibliyini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Bundestaqda 2026-cı il federal büdcəsi ilə bağlı müzakirələrdə çıxış edən Merz bildirib:
“Biz aydın şəkildə başa düşməliyik ki, bir ölkə olaraq müasir tariximizin ən çətin dövrlərindən birini yaşayırıq. Lakin təkcə ölkəmiz deyil, bütün Qərb dəyərlər icması bəlkə də ən ciddi sınaqla üz-üzədir”.
Kansler vurğulayıb ki, böhran Almaniyanın qlobal yönümlü iqtisadiyyatı üçün birbaşa nəticələrə səbəb olur. Onun sözlərinə görə, yalnız artıma yönəlmiş iqtisadiyyat sayəsində infrastrukturun maliyyələşdirilməsi, sosial təminatların qorunması və həmrəylik üçün zəruri resurslar yaradılacaq.
Merz müxalifətin tənqidlərinə cavab olaraq qeyd edib ki, hökumətin həyata keçirdiyi islahatların məqsədi sosial dövləti zəiflətmək deyil, əksinə onu qoruyub saxlamaqdır: “Bu islahatları rədd edən hər kəs sosial siyasətin əsaslarını faktiki olaraq sarsıdır”, – deyə o əlavə edib.
Almaniya kansleri həmçinin, xüsusilə Yaşıllar və Sol Partiyanın hökuməti empatiya göstərməməkdə ittihamlarını əsassız adlandırıb.