RU

27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür



“Düz bir beş bundan əvvəl, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev erməni təxribatlarının birdəfəlik qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə hərbi əməliyyatlara başlanması barədə əmr verdi. Bu tarixi qərar 27 sentyabr gününü Azərbaycan xalqının, Azərbaycan Ordusunun Zəfər yürüşünə başlaması ilə əlamətdar etdi. 44 gün davan edən bu yürüşün sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin başını əzdi. Bu müqəddəs yolda biz də ağır itkilər verdik. Şəhidlərimiz, qazilərimiz oldu. Möhtəşəm tarixi Qələbəmiz məhz bu igid Vətən övladlarının canı, qanı bahasına əldə edildi. Lakin unutmaq olmaz ki, torpaq yalnız uğrunda ölən varsa Vətəndir! İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sayəsində bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacaq. Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bu Vətən uğrunda canlarından keçmiş igidlərimizi heç zaman unutmayacağıq.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Elm və Təhsil Nazirliyi Fizika İnstititunun icraçı direktoru, professor Hüseyn İbrahimov deyib.

Sözlərini davam etdirən H.İbrahimov deyib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılırdı. Xalqımız şanlı Qələbənin davamını, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyir və buna inanırdı. Nəhayət həmin tarixi an yetişdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
Dövlət başçısının dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Ermənistanda bəzi revanşist qüvvələr yenə zaman-zaman baş qaldırır, bəzi xarici ölkələr Ermənistanı silahlandırır. Buna görə də hazırda ən mühüm prioritetlərdən biri, bir nömrəli vəzifə Ordumuzun daha da güclənməsidir.

Sonda H.İbrahimov bildirib ki, hər il sentyabrın 27 Anım günündə xalqımız Vətən müharibəsi şəhidlərinin xatirəsini böyük hörmət və sayğı ilə yad edir. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anılır. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!

aia.az
Bayram Xudayarov



Избранный
15
aia.az

1Источники