RU

Sevgili həkim cütlüyünün qəddarlığı - sağlam adamlar üzərində təcrübə aparıblar

1974-cü ildə Sergey Pçelintsev adlı gənc bir adam xəstəlik vərəqəsi almaq üçün poliklinikaya gedib. Lakin bir müddət sonra ondan xəbər tutmayan həyat yoldaşı Yelena Pçelintseva tanıdığı hər kəsə zəng edərək ərini axtarmağa başlayıb. Milis idarələrində başlayan axtarış morqda bitib. Qadın morqlardan birində ona göstərilən cansız bədəni tanıyıb. Ona bildiriblər ki, Sergeyin cəsədi Uxtomskaya qatar stansiyası yaxınlığında tapılıb. Ölümün səbəbi ürəyində qan laxtalanması olub. Ancaq Sergeyin sağlıq durumu əla olduğu, heç vaxt ürəyindən şikayət etmədiyi, aviadispetçer işlədiyi üçün tez-tez hərtərəfli tibbi müayinədən keçdiyi üçün qadın ərinin vaxtsız ölümündən şübhələnib. Şoka düşən Yelena ərinin ölümünün təbii səbəblərdən olduğuna inanmayıb. O, milisə getsə də, araşdırma üçün fakt olmayıb. Çünki meyitin yarılma hesabatında heç bir fiziki xəsarət göstərilməyib.

hek3.jpeg

Çarəsiz qalan Yelena ərinin ölümündən əvvəl təyin edilən terapevtlə görüşməyə gedib. Terapevtin çox gənc qadın Nina Siluyanova olduğu ortaya çıxıb. O, Yelenanın suallarına cavab verməkdən imtina edib və kobud şəkildə onu otaqdan çıxarıb. Yelena anlayıb ki, xəstəxanada nəsə baş verib və gənc həkim Sergeyin ölümü barədə gizli məlumata malikdir. Yelena çölə çıxan kimi yaşlı qadınla toqquşub. Qadın pərişan görünüb və Yelenanın gözlərinin içinə baxaraq mızıldanıb ki, oğlu burada pis müalicə olunub və ölümcül vəziyyətə düşüb. Bu, dərhal Yelenanın marağına səbəb olub və o, yaşlı qadını dinləmək qərarına gəlib və onu kənara çəkib. Məlum olun ki, onun oğlu Vasili Kitaykin güclü adamdır. O, yük maşını sürücüsü işləyib, lakin bu yaxınlarda taksi xidmətinə keçmək qərarına gəlib. Odur ki, yeni iş yeri üçün

tələb olunan sağlamlıq haqqında arayışı almaq üçün poliklinikaya gedib.
Terapevt onu müayinə etdikdən sonra təzyiqinin yüksək olduğunu və ürək problemlərinin ola biləcəyini deyib və sonra onu kardioloqa göndərib. Vasili bir neçə gün xəstəxanada qalıb və evə buraxılıb. O, həkimin ona verdiyi kağız paketlərdəki tozu anasına göstərib və onun sağlamlıq problemlərini həll edəcək qabaqcıl dərman olduğunu söyləyib. Lakin “qabaqcıl dərman” sürücünü o biri dünyaya göndərib. Bütün bu hadisələr mərhumun yoldaşının ürəyinə qara xal salıb.

hük-1.jpeg

Yelena gənc qadın terapevtin növbəsinin bitməsini gözləyərək onunla danışmaq qərarına gəlib. Lakin gənc qadın xəstəxanadan çıxan kimi “Volqa”ya minib və ərazidən uzaqlaşıb. Sonradan Yelena xəstəxana işçilərindən “Volqa”nı kardiologiya şöbəsinin müdiri Dmitri Levaşovun sürdüyünü öyrənib.

Bir-iki gündən sonra Yelena həkimi saxlaya bilsə də, bu dəfə onlar arasında mübahisə yaranıb və əraziyə milis əməkdaşları gəlib.

Kardiologiya şöbəsinin müdiri Levaşov baş verənləri görərək kabinetinə qaçıb, masasının siyirməsindən kağız paketləri götürüb və otaqların birinə daxil olaraq toz məhlulunu sistem şüşəsinə doldurub. Saxlanılan Yelena isə başına gələn bütün hadisələri milisə danışıb. Milis leytenantı Oleq Yezovitov onun hekayəsini ciddi qəbul edib. Çünki onun atası da kağız paketlərdəki tozu qəbul etdikdən sonra ölübmüş. Həmin gün xəstəxananın kardiologiya şöbəsinə ağır vəziyyətdə olan xəstə daxil olub. Digər prosedurlar arasında ona sistem köçürülüb və bir neçə dəqiqədən sonra xəstə vəfat edib. Xəstənin yüksək vəzifəli qohumları olub. Mərhumun general qardaşının göstərişi ilə hərtərəfli müayinə aparılıb və xəstənin qan laxtalanmasına səbəb olan dərmandan öldüyü müəyyən edilib.

hek-4.jpeg

Ertəsi gün xəstəxana hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dolub. Sənədlər, dərmanlar və başqa əşyalar müsadirə edilib. Həmin məhlulun olduğu şüşə də məhkəmə-tibbi ekspertizanın analizində ortaya çıxıb. Levaşovun kabinetinə də baxış keçirilib. Milislər boş masa çəkməcəsinin altındakı müəyyən toz hissəciklərini analiz üçün göndəriblər. Alınan nəticəyə əsasən, toz hissəciklərinin kimyəvi tərkibi xəstəni öldürən dərmana uyğun gəlib. Həkim Levaşov və onun sevgilisi, terapevt Nina Siluyanovanın həbsinə dair qərar verilib.

Levaşov həbs olunub, lakin Siluyanova işlərin çətinləşdiyini anlayaraq qaçıb. Araşdırma zamanı məlum olub ki, dissertasiya yazan Levaşov doktorant olmaq istəyib. Çünki bu ad ona müavinətlər, maaş artımı və xaricə səyahət imkanı verəcəkmiş. Onun dissertasiyasının mövzusu da mürəkkəb olub: “Ürək-damar xəstəlikləri olan xəstələrə təyin olunan dərmanların əlavə təsirləri haqqında”.

hek-5.jpeg

Bunun üçün ciddi praktik tədqiqatlar tələb olunub. Sonra həkimin ağlına pis bir fikir gəlib: xəstələrə heç nə demədən dərmanları sınaqdan keçirmək. O, müxtəlif dərmanların qarışıqlarını, onların dozalarını xəstələrin üzərində sınaqdan keçirib. Ona aşiq olan Nina Siluyanova qatil həkimi dəstəkləyib və xəstələri ona yönəldib. Həkimin qurbanlarının çox olacağını nəzərə alaraq milis Levaşovu müvəqqəti təcridxanaya göndərib. Lakin bir müddət sonra onun asılmış meyiti tapılıb. Rəsmi məlumata görə, həkim intihar edib. Bəziləri isə hesab edir ki, həkimin sonuncu qurbanının general qardaşı onun sağ buraxmaq istəməyib. Nina Siluyanova bir həftə sonra Kerçdə uzaq qohumlarının yanında gizlənərkən tutulub. 10 il müddətinə azadlıqdan məhrum edilən keçmiş terapevt cəzasını çəkdikdən sonra ailə qurub, soyadını dəyişib.
Qeyd edək ki, II dünya müharibəsi illərində alman həkim Yozef Mengele də həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
25
musavat.com

1Источники