ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Son illər Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi və xarici siyasət uğurları diqqət mərkəzindədir. Ölkəmizin siyasi, iqtisadi və enerji sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də tarixi Zəfərimiz və suverenliyimizin bərpası, Azərbaycanın dünya birliyində söz sahibi olmasına böyük töhfə verir. Prezident İlham Əliyevin sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri bu uğurların daha geniş təqdimatına imkan yaratdı.
Səfər çərçivəsində dövlətimizin başçısı dünyanın nüfuzlu maliyyə və investisiya şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın iqtisadi imkanlarını, investisiya cəlbediciliyini və regionda dayanıqlı inkişaf modelini nümayiş etdirməklə yanaşı, ölkəmizə olan marağın və Prezident İlham Əliyevə etimadın bariz göstəricisi oldu.
Eyni zamanda, Azərbaycan BMT ilə uzun illər ərzində qurduğu etibarlı əlaqələr sayəsində beynəlxalq aləmdə nüfuzunu artırıb, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə töhfələr verir. Ölkəmiz həm BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti, həm də davamlı iqtisadi və siyasi əməkdaşlıqları ilə beynəlxalq münasibətlərdə nümunəvi rol oynayır.
Bu kontekstdə Bakıvaxtı.az Milli Məclisin deputatı Vüqar Rəhimzadə ilə Prezident İlham Əliyevin Nyu-York səfəri, ölkəmizin beynəlxalq əlaqələri və iqtisadi uğurları ndan danışıb.
Müsahibəni təqdim edirik.
- Vüqar müəllim, Prezident İlham Əliyevin Nyu-York səfəri və BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı dünya mətbuatında geniş müzakirə olunur. Bu səfərin Azərbaycanın beynəlxalq mövqeyi və xarici siyasətinə təsirini necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin iştirak etdiyi hər bir beynəlxalq tədbir Azərbaycana və dövlətimizin başçısına olan hörmət və etimadın göstəricisidir. Nyu-York səfəri çərçivəsində keçirilən görüşlər - xüsusilə də “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın aparıcı maliyyə və investisiya şirkətlərinin rəhbərləri ilə - Azərbaycanın iqtisadi imkanlarını, dayanıqlı inkişaf modelini və regionda artan nüfuzunu nümayiş etdirir. Bu, ölkəmizə olan marağın və Prezident İlham Əliyevə etimadın bariz sübutudur.
- Azərbaycanla beynəlxalq maliyyə qurumları və investisiya şirkətləri arasında əməkdaşlıq səfər çərçivəsində hansı əhəmiyyətli nəticələrə yol açdı?
- Hər üç şirkət Azərbaycanda iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici olduğunu vurğuladı. “Brookfield Asset Management” və “Blackstone” şirkətləri Dövlət Neft Fondu ilə əməkdaşlığı genişləndirməyə maraq göstərdilər, “Neuberger Berman” isə yeni layihələr çərçivəsində tərəfdaşlığı genişləndirmə imkanlarını qiymətləndirdi. Bu görüşlər Azərbaycanın investisiya cəlbediciliyini və iqtisadi imkanlarını təqdim etməkdə mühüm rol oynayır.
- Azərbaycan BMT ilə uzunmüddətli əməkdaşlıq nəticəsində hansı uğurlara imza atıb və bu, regionda sülh və təhlükəsizliyə necə təsir göstərir?
- Azərbaycan BMT-nin tamhüquqlu üzvü olaraq Nizamnamənin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edib və regionda sülhün bərqərar edilməsi üçün addımlar atıb. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın səyləri bir sıra məsələlərin gündəliyə çıxarılmasına səbəb oldu. Ölkəmiz BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verir, beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında aktiv rol oynayır, həmçinin qlobal çağırışlara qarşı durmaq üçün BMT-nin struktur və funksional gücləndirilməsinin əhəmiyyətini ortaya qoyur.
Əli Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.