GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq arenada artan fəallığının və siyasi çəkisinin göstəricisidir. BMT tribunasından səslənəcək mesajlar təkcə Azərbaycan üçün deyil, həm də region üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə də post-münaqişə dövründə, yəni Qarabağda suverenliyin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq ictimaiyyətə hansı mesajları verəcəyi böyük maraq doğurur.
Dəyişən güc dinamikası və geosiyasi rəqabət fonunda Azərbaycan öz milli maraqlarını necə müdafiə edəcək və tərəfdaşlıq əlaqələrini hansı formada quracaq – bu kimi suallar Prezidentin çıxışı fonunda aktuallaşır.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun növbəti təzahürüdür:
“Bu mühüm səfər milli maraqlarımızın müdafiəsi nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycan diplomatiyasının qlobal siyasi gündəmə verdiyi töhfələrin davamlı xarakter aldığını bir daha nümayiş etdirir.
Dövlət başçımızın BMT tribunasından çıxışı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra formalaşmış yeni geosiyasi reallıqların dünya birliyinin diqqətinə çatdırılması baxımdan önəmli olacaq.
Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərin azad olunması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrin Azərbaycan tərəfindən təkbaşına icra edilməsi və bununla da beynəlxalq hüququn aliliyinə əməli surətdə hörmət göstərilməsi Azərbaycanın ədalətli mövqeyinin bariz ifadəsidir. Azərbaycan hər zaman regionda sülhün və əməkdaşlığın tərəfdarı olub. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlərin normallaşdırılması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı irəli sürülmüş təkliflərin bir daha diqqətə çatdırılması gözləniləndir.
Aytən Qurbanova
Azərbaycanın həyata keçirdiyi balanslı və çoxşaxəli diplomatik xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, müstəqil xarici siyasət strategiyasının təzahürüdür. Heç bir hərbi-siyasi bloka üzv olmadan qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında aparılan bu siyasət nəticəsində ölkəmiz Avropa İttifaqı, Türkiyə, ABŞ, Çin və digər aparıcı beynəlxalq aktorlarla münasibətlərini uğurla inkişaf etdirib. Bu məqamın da dövlət başçısı tərəfindən beynəlxalq auditoriyanın diqqətinə çatdırılması istisna deyil”.
Politoloq deyib ki, Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfənin mühüm göstəricisidir:
“Yaşıl enerji sahəsində irəli sürülmüş təşəbbüslər, enerji keçidi və bərpa olunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə dayanıqlı inkişaf və ekoloji məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın 2019–2023-cü illər ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi beynəlxalq münasibətlər sistemində ədalət və bərabərlik prinsiplərinin təşviqi baxımından əhəmiyyətli bir mərhələ olub. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də inkişaf etməkdə olan ölkələrin haqlı mövqelərini müdafiə edən, qlobal dialoq və çoxtərəflilik prinsipinə sadiq dövlətdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın milli maraqlara əsaslanan, prinsipial və uzaqgörən siyasətinin təntənəsidir. Bu səfər bir daha sübut edir ki, Azərbaycan həm regional, həm də qlobal miqyasda təşəbbüskar, etibarlı və söz sahibi olan bir dövlət kimi beynəlxalq arenada mühüm mövqe tutur. Azərbaycan bu gün yalnız milli maraqlarını uğurla qoruyan güclü dövlət deyil, eyni zamanda beynəlxalq hüququn müdafiəsinə, sülhə və əməkdaşlığa əhəmiyyətli töhfə verən qlobal aktordur”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.