RU

BMT nin tarixi iclasının pərdəarxası Britaniyalı politoloq şifrələri açdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Globalinfo.az BMT Baş Assambleyasının ötən gün Nyu-Yorkda keçirilən iclası və son proseslərlə bağlı britaniyalı politoloq Neil Vatsonla müsahibəni təqdim edir:

– Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində əsas diqqətçəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın açıqlamaları oldu. O, Fələstinin tanınması, Rusiya və tariflər barədə danışdı, BMT-ni fəaliyyətsizlikdə təqsirləndirdi. Trampın çıxışlarını necə şərh edərdiniz?

– Tramp Fələstin dövlətçiliyini HƏMAS-ın möhkəmlənməsi kimi qələmə verir. Bununla ABŞ İsrail ilə daha yaxın siyasət yeridərək sərt mövqe nümayiş etdirir. Bu, Fələstinin tanınmasını sülh prosesinin bir hissəsi kimi görən Avropa və BMT-nin yanaşması ilə ziddiyyət təşkil edir. Trampın İsraili dəstəkləmək qərarı birmənalı şəkildə onun ABŞ-dakı yəhudi diasporasının, eləcə də varlı və seçkilərdə fəallığı ilə seçilən dindar sağçıların mövqeyini əks etdirir. Bundan əlavə, İsrail həmişə neftlə zəngin Yaxın Şərqdə ABŞ-ın himayə etdiyi dövlət olub.

Tramp tariflər və Rusiya haqqında danışarkən diplomatik kompromisdən daha çox iqtisadi təzyiqə üstünlük verdiyini göstərdi və Avropanı Rusiyadan enerji asılılığını tamamilə azaltmağa sövq etməyə çalışdı. Bununla belə, Tramp qış ərəfəsində enerji resursları və bununla bağlı dinamika barədə anlayışının az olduğunu da nümayiş etdirdi.

Onun “müharibə tezliklə bitməyəcək” açıqlaması bədbin səslənsə də, eyni zamanda ABŞ-ın Ukrayna və NATO-ya davamlı dəstəyinə haqq qazandırır. Bu, əvvəlki bəyanatlarla ziddiyyət təşkil edir və Trampın öz təşəbbüsü ilə Rusiya və Ukrayna arasında arbitr rolunu oynadığı sülh prosesindən məyusluğunu göstərir. Trampın prezident Putinlə xüsusi münasibəti bir nəticə verməmiş kimi görünür. NATO və prezident Zelenskiyə üstüörtülü dəstəyi, əvvəlki bəyanatlarını geri çevirməsi onun məyusluğunu nümayiş etdirir.

Trampın “Mən 7 münaqişəni dayandırdım” iddiası onu sülhməramlı kimi qələmə verməyə yönəlmiş özünü reklam xarakteri daşıyır. Halbuki bəzi münaqişələr həll edilməyib, dondurulub. Xüsusən də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi artıq çox yaxın idi. Onun himayəsi altında tərəflər arasında imzalanan razılaşma hər iki tərəfin bir daha iradəsinin nümayişi idi, lakin bu yenə də sülh müqaviləsi olmadı. Onun BMT-nin tənqidi, BMT-nin böhranları həll etmək əvəzinə bürokratiya əlavə etdiyini iddia etməsi Trampın tipik eqoist bəyanatıdır.

– Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampla görüşdən sonra onun cəbhədəki vəziyyətlə bağlı indi Moskvadan daha çox Kiyevin versiyasına inandığı ilə bağlı açıqlamasını necə şərh edərdiniz?

Neil Vatson

– Zelenski Trampın mövqeyinin dəyişdiyini güman edir. O, bunu Putinə həddən artıq güzəştə getməyə hazır olduğunu düşünən tənqidçilərini sakitləşdirmək üçün də deyə bilər.

– Rusiyanın hücumları qarşısında NATO heç də qüdrətli və qətiyyətli görünmür. Bu, yalnız görüntüdür, yoxsa NATO artıq əvvəlki gücünü itirib?

– NATO əsas hərbi gücünü itirməyib və hələ də misilsiz güc birliyinə malikdir. Amma siyasi baxımdan üzvlər arasında fikir ayrılığı bəzən onu prezident Putinin gözündə zəif göstərir. NATO Rusiya ilə birbaşa müharibədən qaçır, ona görə də onun ehtiyatlı mövqeyi kövrəklik kimi görünə bilər. Onun çəkindirici rolu hücumdan daha çox müdafiə xarakteri daşıyır.

– Türkiyə, Kanada və İndoneziya liderlərinin tribunada çıxışı zamanı mikrofonların sönməsi həqiqətən texniki səbəblər ilə bağlı idi?

– Fələstini dəstəkləyən ölkələrin mikrofonlarının söndürülməsi rəsmi olaraq texniki səbəblə izah olunsa da BMT-nin siyasətini nəzərə alsaq, qəsdən söndürülməyə dair şübhələr təəccüblü deyil. Bunu sübut etmək çətindir, lakin bu, builki Assambleyada gərginlik və inamsızlıq hissini artırdı.

– Fələstinin dünya miqyasında tanınmasının hazırda əhəmiyyəti nədən ibarətdir?

– Dövlətin tanınması güclü diplomatik vasitədir. Bu cür geniş şəkildə tanınma Fələstinin dövlətçilik iddiasını gücləndirəcək, ona danışıqlarda daha çox təsir rıçaqları verəcək və İsrailə təzyiq göstərəcək. Eyni zamanda, tənqidçilər iddia edirlər ki, vaxtından əvvəl tanınma HƏMAS-ı möhkəmləndirir və təhlükəsizlik məsələlərini ikinci plana atır. Bu, həm simvolik, həm də strateji əhəmiyyət daşıyır.

– Tramp İngiltərədə hökumət böhranı yaratdı. ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfəri Londonda aksiyalarla müşayiət olunub. London meri Sadiq Xan etirazçılara dəstək nümayiş etdirib. “The Guardian” nəşrinin yazdığına görə, bu etirazlar baş nazir Keir Starmer üçün siyasi risklər yarada bilər. Onun mövqeyi artıq müavini Ancela Raynerin istefası və Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun ölkədən getməsi ilə zəifləyib. İngiltərədə xalqı Trampa qarşı qaldıran gizli-aşkar qüvvə hansıdır?

– Londondakı etirazlar Trampın siyasətinə (Fələstin, Ukrayna, iqlim, ticarət) qarşı geniş ictimai etirazı əks etdirir. “Gizli qüvvə” sui-qəsddən çox, media, vətəndaş cəmiyyəti qrupları və Trampın siyasi əleyhdarları tərəfindən gücləndirilən ictimai narazılıqdan ibarətdir. Etirazlar və daxili istefalar Böyük Britaniyanın Baş naziri Ser Keir Starmerə qarşı təzyiq yaradır və onu populist sərt anti-Tramp mövqeyini nümayiş etdirməyə məcbur edir. Lakin burada hərəkətverici amil Trampın siyasətidir.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
globalinfo.az

1Источники