RU

“Lufthansa” bəzi aviareysləri bağlayacağını açıqlayıb

Berlin, 24 sentyabr, AZƏRTAC

“Lufthansa” aviaşirkətinin baş icraçı direktoru Yens Ritter Almaniyada artan xərclərlə bağlı bəzi hava marşrutlarının bağlana biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Y.Ritter media qurumlarından birinə müsahibəsində reyslərin rentabelli olmayacağı təqdirdə marşrutları azaltmağa və təyyarələri başqa istiqamətlərdə işlətməyə məcbur qalacaqlarını bildirib.

O, iqtisadi baxımdan risk altında olan hava limanları arasında Bremen, Drezden, Köln, Leyptsiq, Münster, Nürnberq və Ştutqartın adlarını çəkib.

Şirkətin rəhbəri, həmçinin hökuməti də verdiyi vədləri yerinə yetirmədiyinə görə tənqid edib, 2026-cı ilin büdcə layihəsində Almaniyadan həyata keçirilən uçuşlar üçün heç bir güzəştin nəzərdə tutulmamasından məyusluğunu bildirib. Halbuki koalisiya müqaviləsində hava nəqliyyatı sektoruna güzəştlər və vergi yüklərinin azaldılması ilə bağlı razılığa gəlindiyi qeyd olunmuşdu.

Almaniyada aviasiya vergisinin artırılması 2024-cü ilin mayında qüvvəyə minib. Dəyişikliyə əsasən, qısa məsafəli reyslər üçün vergi hər biletə görə 12,48 avrodan 15,53 avroya, orta məsafəli reyslərdə 31,61 avrodan 39,34 avroya, uzun məsafəli uçuşlarda isə 56,91 avrodan 70,83 avroya qaldırılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
19
2
azertag.az

3Источники