RU

Viranəlikdən Cənnətə, çətinliklərdən ASANlığa

Bakıdan çıxıb üzü Cəbrayıla doğru gedirik. O Cəbrayıla ki, hələ cəmi 5 il əvvəl ora azərbaycanlı ayağı dəymirdi. O torpaqlara ki, şəhidlərimizin, qazilərimizin sulanmış qanı ilə azad edilib. Ona görə də insanı qəribə hisslər bürüyür...
Adam hələ də tam inana bilmir. Bir tərəfdən Qusara, Lənkərana, Qazaxa və s. digər rayonlarımıza gedirmiş kimi yola çıxırsan, digər tərəfdən isə elə bilirsən ki, bizim üçün tam başqa bir ölkəyə və ya yeni kəşf edilmiş hansısa torpağa gedirsən, yaxud da zaman tunelində keçmişə səyahətdəsən...Cəbrayıla yaxınlaşdıqca həyəcan daha da artır. Əvvəlcə 9 il əvvəl Azərbaycan ordusu tərəfindən azad edilmiş Lələtəpənın yaxınlığından, daha sonra cəmi 5 il əvvəl qızğın döyüşlərin getdiyi, ermənilərin dağıdıb xarabazarlığa çevirdiyi ərazilərdən keçirik. Birdən yolun üzərində qurulmuş nəzarət-buraxılış məntəqəsindəki polis əməkdaşının “Zəhmət olmasa, sənədlərinizi təqdim edin!” sözlərini eşidirik. Hər şey qaydasındadır, yolumuza davam edirik.



Yol boyu xarabalıqlar davam edir. Oralarda sanki kabus dolaşır...Daha sonra gözümün önündə döyüş səhnələri, şəhidlərimiz, qələbə sevinci canlanır. Gözümdən bilaixtiyar axan göz yaşlarını silirəm ki, yol yoldaşlarım görməsin. Ardınca qarşımıza çıxan mənzərəni görəndə təəccüblənməyə bilmirsən. Xarabalıqların ortasında cənnət yaradılır. Ətrafda dayanmadan tikinti işləri gedir, növbəti ağıllı kənd salınır. Birdən Cəbrayılın özünə - xarabalıqlardan dirçəlmiş yeni şəhərə çatırıq. Eyvanlardan asılan Azərbaycan bayraqlarını, burada qaynayan həyatı gördükcə adamın urəyi riqqətə gəlir, az qalır məhvərindən çıxsın...Nəhayət, avtobusumuz dayanır və biz şəhərin kənarında təyin olunmuş məntəqəyə çatırıq. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) xüsusi təchiz edilmiş iri avtobusu, yanında da bir neçə yerli sakin dayanıb. İki gündür ki, onlara səyyar şəkildə ASAN xidmət göstərilir.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev dedi ki, daha öncə Zəngilan rayonunun Ağalı və Tərtərin Talış kəndlərində vətəndaşlara səyyar şəkildə xidmət göstərilib. İndi isə əməkdaşlar Cəbrayılda xidmət başındadırlar: “Məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də əzəli, dədə-baba torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərini daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, onlar üçün əlçatanlığı təmin etmək, vətəndaş məmnunluğuna nail olmaqdır”.



Müşahidələrimiz göstərdi ki, rahatlıq və əlçatanlıq haqqında deyilənlər əbəs deyilmiş. Xidmətin avtobusuna yaxınlaşan hər kəs - uşaqdan böyüyədək, məktəblidən tutmuş ağsaqqal təqaüdçüyədək hamı razılıq edirdi. Bundan əlavə, onların çöhrəsində qəribə bir sevinc, məmnunluq hissi sezilirdi.

Məsələn, doğma torpaqlarına dönməsini hər zaman arzuladığını deyən Səfiyar Süleymanovun sözlərinə görə, uzun illər düşmən tapdağı altında olan doğma torpağında öz dövlətinin xidmətlərindən istifadə etməyin sevinci bir başqadır. Ağsaqqalı təəccübləndirən şeylərdən biri isə göstərilən xidmətin səviyyəsi idi:

“Deyirdim ki, torpaqlarımız azad edilsin, ora birinci köçənlərdən biri mən olacam. Elə də oldu. Çox gözəl duyğudur. İndi isə pasportumu dəyişmək üçün “ASAN xidmət”in avtobusuna gəldim. Heç 15 dəqiqə çəkmədi, az qala evimin içində sənəd-sünəd işlərimi qaydasına qoydum. Sabah da gəlib təzəsini alacam. Bundan gözəl nə ola bilər?!”



Hələ 8-ci sinif şagirdi ikən Cəbrayılı tərk etməyə məcbur olan Fəridə Mirkişiyeva bir il öncə, yəni düz 31 ildən sonra doğma el-obasına dönüb. Özü də bu dəfə artıq müəllim kimi. Fəridə xanım deyir ki, bu qədər müddətdən sonra azad edilmiş doğma vətənində Azərbaycanın dövlət xidmətlərindən yararlanmaq ona çox xoşdur:
“Burda yaşamaq hər gün gözəldir. Buranın hər daşı, torpağı bizə doğmadır. Bəzi çətinliklər var, bəlkə kənar adam gəlib burda bezə bilər. Amma Cəbrayıl bizə doğma olduğundan biz o çətinliyi hiss etmirik, gözümüzə görünmür. Əvvəllər əsasən Bakıda “ASAN xidmət”ə gedirdik. İndi isə bu xidmətlərdən birbaşa gözəl Cəbrayılımızda yararlanmaq çox xoşdur. Bunu sözlə ifadə etmək olmur. Özü də müəllim kollektivi ilə gəlmişik. Qısa müddətdə gəlib işimizi həll etdik, qayıdırıq”.
Artıq 1 ildən çoxdur doğma torpağına qayıdaraq yanacaqdoldurma məntəqəsində işləyən və gələcəklərini bu torpaqlarda qurmağı planlaşdıran Ruslan Mahmudov isə “ASAN xidmət”dən yararlanmağa ailəvi- daim gülümsəyən həyat yoldaşı Əzizə xanım və 6 aylıq qızı Ömürlə gəlib. Ruslan deyir ki, bu, onlar üçün sanki həm də bir əyləncə, hansısa bayram tədbiri kimi bir şeydir:



“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində bu torpaqlardayıq, burda yaşayırıq. Çox gözəl duyğudur. Üstəgəl bu torpaqlarda bizə səyyar formada da olsa, dövlət xidmətlərinin göstərilməsi çox yaxşısıdır, işlərimizi asanlaşdırır. Cəbrayılda “ASAN xidmət” mərkəzi olmadığına görə, adətən ya Bakıya gedirik, ya da başqa rayonlara. Bir neçə dəfə məcbur olub işlərimə görə getmişəm. Amma indi 3 günlük işimi bir saata həll elədim, özü də əlavə xərcim çıxmadan. Evmin içində, rahatlıqla.”

Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov da deyir ki, işğaldan azad edilmiş ərazilərdə insanlara xidmət göstərməyin ayrıca ləzzəti var: “Cəbrayıl şəhərində Səyyar ASAN xidmətin göstərilməsinə sentyabrın 22-dən başlanılıb və ayın 26-dək davam edəcək. İşğaldan azad edilmiş ərazilərində ASAN xidməti təşkil etməyin hələlik bəzi çətinlikləri var. Amma bu çətinliyin içində də bir ləzzət hissi var. Çünki biz çox sevincli və qürurluyuq, çox xoşdir. Burda xidmət etmək digər məntələqələrdən fərqli bizə ayrı bir xoşbəxtlik bəxş edir, xüsusi zövq verir. İnşallah, işğaldan azad edilmiş digər ərazilərimizdə də səyyar şəkildə vətəndaşların “ASAN xidmət”lərdən istifadəsi təşkil ediləcək”.



Olduğumuz yerdən hündür bir təpə görünür. Təpənin başında Azərbaycan bayrağının rənglərinə boyanmış xəritəmiz həkk olunub. Ara-sıra yaxınlıqda hərbçilərin avtomat və artilleriya silahlarından təlim atışlarının səslərini eşidirik. Bir yandan da şəhərdə qızğın tikinti və abadlıq işləri gedir. Simvolik bir mənzərə yaranıb. Sanki bizə deyir ki, Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir, vaxtilə ermənilərin viran qoyduğu, dözülməz ağrı-acılar yaşamız torpaqlarımız isə tezliklə həyatın tam qaynadığı və işlərin lap asanlaşdığı bir cənnətməkana çevriləcək. Özü də çox tezliklə...

İlkin İzzət Bağırov

AzVision.az
Избранный
32
5
azvision.az

6Источники