RU

"Həmin direktor və direktor müavinlərinin təkrar işə qəbulu qadağan edilməlidir!"

Məlum olduğu kimi, Lənkəranda məktəb zorakılığı ilə bağlı qalmaqallı hadisə yaşanıb. M.Qarayev adına Zövlə kənd orta məktəbinin direktor müavini şagird və xadiməyə qarşı zor tətbiq etdiyi üçün işdən azad edilib.

Təhsil İdarəsi bildirir ki, belə davranış tədris prosesində yolverilməzdir.

Amma sual açıq qalır: niyə məktəblərdə müəllim-şagird və direktor-şagird zorakılığı hələ də davam edir və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.

kamran.jpg

Ekspert qeyd edib:

"Təhsil müəssisələrinin əsas missiyası uşaqların bilik, bacarıq və şəxsiyyət kimi inkişafını təmin etmək, onları cəmiyyətə hazırlamaqdır. Təhlil göstərir ki, məktəblərdə baş verən zorakılıq hadisələri, xüsusən də direktor və direktor müavinlərinin şagirdlərə və əməkdaşlara qarşı əl qaldırması bu missiyaya ziddir və cəmiyyətin təhsilə olan etimadını ciddi şəkildə sarsıdır. Bu hadisələr göstərir ki, idarəetmədə sistemli boşluqlar var və mövcud nəzarət mexanizmləri özünü doğrultmur.

Statistik məlumatlara görə, ölkədə 4500-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 1,6 milyon şagird təhsil alır. Bu qədər böyük sistemdə ildə yüzlərlə intizam araşdırması aparılır. Elm və Təhsil Nazirliyinin 2024-cü il hesabatında 200-dən çox direktor və direktor müavininin yol verdikləri pozuntulara görə işdən azad edildiyi göstərilir. Lakin təəssüf ki, bu halların bir qismi yalnız ictimailəşdikdən sonra həll edilir, ictimaiyyətin təzyiqi olmasa, çox vaxt hadisələr ört-basdır olunur. Bu isə göstərir ki, bəzi direktorlar, müavinlər və hətta regional təhsil idarələrinin rəhbərləri məsuliyyət hissini itirib və şəxsi maraqları sistemi kölgədə qoyur.

Qanunvericilikdə məsələ aydın tənzimlənib. "Təhsil haqqında" Qanunun 19-cu maddəsində vurğulanır ki, təhsilalanların fiziki və psixoloji sağlamlığının qorunması dövlətin əsas vəzifəsidir. "Uşaq hüquqları haqqında" Qanunun 9-cu maddəsi isə açıq şəkildə bildirir ki, uşaqlar hər cür zorakılıqdan müdafiə olunmalıdır. "Əmək Məcəlləsi"nin 70-ci maddəsi də əmək funksiyalarını kobud şəkildə pozan şəxslə müqaviləyə xitam verilməsini nəzərdə tutur. Deməli, hüquqi baza mövcuddur, lakin bu normaların icrası və tətbiqi mərhələsində ciddi boşluqlar qalır.

Müsbət tərəfi odur ki, Elm və Təhsil Nazirliyi son illərdə bu mövzuda sərt mövqe ortaya qoyur, etik pozuntuya yol verən şəxslərin dərhal işdən azad olunması və ictimaiyyətə məlumat verilməsi şəffaflığın artdığını göstərir. Nazirliyin bu cür prinsipial yanaşması həm cəmiyyətin təhsilə inamını gücləndirir, həm də digər təhsil işçilərinə ciddi mesaj verir. Bu istiqamətdə görülən işlər beynəlxalq təcrübə ilə müqayisədə mühüm irəliləyişdir, çünki bir çox ölkələrdə bu hallar uzun araşdırmalardan sonra ictimailəşdirilir.

Mənfi tərəf ondan ibarətdir ki, bəzi direktor və direktor müavinləri özlərini məktəbin “mütləq hakimi” hesab edir, şagirdi də, müəllimi də, texniki işçini də idarə etmək üçün zorakılığı vasitə kimi görürlər. Bu, pedaqoji və etik baxımdan tam qəbuledilməzdir. Regional təhsil idarələrinin fəaliyyətində də ciddi çatışmazlıqlar var. Onlar çox vaxt real nəzarət mexanizmlərini işə salmaq əvəzinə, baş verən hadisələri ya gec araşdırır, ya da məsələ ictimailəşməyənə qədər tədbir görmürlər. Belə bir vəziyyətdə Elm və Təhsil Nazirliyinin səyləri də bəzən yarımçıq qalır, çünki yerli idarəetmə bu təşəbbüsləri dəstəkləmir.

Müqayisə aparsaq, Finlandiyada məktəblərdə hər hansı zorakılıq faktı baş verərsə, dərhal müstəqil psixoloji komissiya araşdırma aparır və həmin şəxs pedaqoji fəaliyyətini davam etdirə bilmir. ABŞ və Avropa ölkələrində uşaqlara qarşı zorakılıq edən pedaqoqlar “qara siyahı”ya salınır və heç vaxt təhsil müəssisələrində işləyə bilmirlər. Azərbaycanda isə bu mexanizm mövcud deyil, nəticədə zorakılığa yol verən direktor və müavinlərin bir hissəsi məhkəmələr vasitəsilə vəzifələrinə qayıdır".

Kamran Əsədovun fikrincə, dəyişməli olan əsas məqam ondan ibarətdir ki, zorakılıq faktına yol verən direktor və direktor müavinlərinin təkrar işə qəbulu qanunla qadağan edilməli, "təhsil işçilərinin etibar reyestri" yaradılmalıdır:

"Hər məktəbdə psixoloji xidmət real işləməli, mütəmadi monitorinqlər keçirilməli və münaqişə idarəetməsi üzrə təlimlər bütün rəhbər heyət üçün məcburi olmalıdır. Əks halda, hər dəfə eyni hadisələr təkrarlanacaq.

Bütün bunların fonunda Elm və Təhsil Nazirliyinin son illərdə apardığı işlər müsbət qiymətləndirilməlidir. Nazirlik təhsil sistemində ən həssas mövzuları açıq şəkildə gündəmə gətirir, şəffaflıq və ictimai hesabatlılıq nümayiş etdirir. Amma direktorların və müavinlərin özbaşınalıqlarına son qoymaq üçün regional idarələrin məsuliyyəti kəskin şəkildə artırılmalıdır. Nazirliyin bu sahədə sərt mövqeyini daha güclü hüquqi mexanizmlərlə dəstəkləməsi isə gələcəkdə məktəblərdə zorakılığın qarşısını almağa imkan verəcək".

Xalidə Gəray
Musavat.com

Избранный
4
musavat.com

1Источники