Çay dünyada ikinci ən populyar içki olsa da, bəzi insanlar üçün sağlamlıq baxımından təhlükə yarada bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə hamilə qadınlar və həzm sistemi xəstəliklərindən əziyyət çəkənlər çayın istehlakında ehtiyatlı olmalıdırlar.
Hamiləlik dövründə çaydakı kofein plasentadan keçərək dölün ürək ritmi və tənəffüs sisteminə təsir edə bilər. Xüsusilə yaşıl çayın bu baxımdan daha təhlükəli olduğu qeyd olunur. Həkimlər hamilə qadınlara gündə bir stəkandan artıq çay içməməyi və bitki çaylarına üstünlük verməyi tövsiyə edirlər.
Mədə-bağırsaq problemləri olan şəxslərə də çaydan uzaq durmaq məsləhət görülür. Qara çay turşuluğu artıraraq xora, pankreatit və qastrit zamanı vəziyyəti ağırlaşdıra bilər. Yaşıl çay isə mədəni qıcıqlandıraraq ağrıya səbəb ola bilər, xüsusən də ac qarına qəbul edildikdə.
Çaydakı taninlər dəmir və bəzi vitaminlərin (D və B1) orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir. Bu səbəbdən uşaqlara qara çay 3 yaşa qədər, yaşıl çay isə 10-12 yaşa qədər verilməməlidir. Həmçinin, anemiya riski olan insanlar çayı yeməkdən dərhal sonra deyil, yeməklər arasında içməlidirlər. Çünki bir stəkan çay dəmirin mənimsənilməsini 60-70 faiz azalda bilər.
Bundan başqa, böyrək daşı xəstəliyinə meyilli şəxslərdə müntəzəm yaşıl çay istehlakı xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər.
Hətta sağlam insanlar üçün də gündə 2-4 stəkandan artıq çay içmək məsləhət görülmür. Güclü, çox dəmlənmiş, köhnə və ya ətirli əlavələrlə zəngin çaylarda toksik maddələrin miqdarı daha yüksək olur. Həmçinin, çayı ac qarına içmək və dərmanları çayla qəbul etmək tövsiyə edilmir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az