RU

Bakıda Xüsusi Olimpiya festivalı keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda Xüsusi Olimpiya festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə metronun "Gənclik" stansiyasının yaxınlığındakı yeni parkda keçirilib. Festival əlilliyi olan uşaqların bacarıqlarını nümayiş etdirməsi, onların idmana cəlb olunması və cəmiyyətə inteqrasiyasının təşviq edilməsi məqsədini daşıyıb.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən F. Qayıbov uşaqların dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb. Nazir, həmçinin festival ilk dəfə təşkil edildiyi üçün, bunun böyük hadisə olduğunu deyib. Valideynlərə xüsusi qayğıya ehtiyacı olan uşaqlarının hər zaman yanında olduqları və qayğı ilə əhatə etdikləri üçün təşəkkürünü bildirən F. Qayıbov festival zamanı maraqlı halların şahidi olduğunu deyib. Nazir uşaqlarda böyük irəliləyişlərin müşahidə edildiyini diqqətə çatdırıb.

Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov vurğulayıb ki, komitə fəaliyyət göstərdiyi müddətdə minlərlə xüsusi qayğıya ehtiyacı olan uşağı idmana cəlb edərək, onların cəmiyyətə inteqrasiyasına kömək göstərib. “Beynəlxalq yarışlarda müxtəlif uğurlar əldə olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqəti nəticəsində idmançılarımız uğurlu çıxışlar ediblər. Komitə olaraq, əsas hədəfimiz müxtəlif idman növləri üzrə iştirakçıların sayını artırmaq, qayğıya ehtiyacı olan bütün uşaqları idmana cəlb edərək, sosial reabilitasiyalarını həyata keçirməkdir”, - deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, festivalın keçirildiyi parkın ərazisində xüsusi qayğıya ehtiyacı olan uşaqların zövqünə uyğun çoxsaylı interaktiv zonalar, stolüstü tennis, pauerliftinq və digər idman növləri üzrə sahələr yaradılıb.

Onu da bildirək ki, Xüsusi Olimpiyanın missiyası əqli imkanları məhdud uşaqlar və böyüklər üçün idman hazırlığını, eləcə də, müxtəlif olimpiya idman növləri üzrə yarışların keçirilməsini təmin etməkdir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi 1990-cı ildən fəaliyyət göstərir. Komitə 1993-cü ildən Beynəlxalq Xüsusi Olimpiya və Avropa-Avrasiya Komitəsinin üzvüdür. Beynəlxalq Xüsusi Olimpiya Komitəsi dörd ildən bir Xüsusi Yay və Qış Olimpiya Oyunları, Avropa-Avrasiya Komitəsi isə hər il ayrı-ayrı idman növləri üzrə Avropa çempionatları, iki ildən bir isə Xüsusi Yay Avropa Oyunları keçirir. Azərbaycanın Xüsusi Olimpiya Komitəsi 11 yay və 1 qış olmaqla, 12 idman növü üzrə fəaliyyət göstərir.

Избранный
57
1
azertag.az

2Источники