Xarici alimlərin apardığı araşdırmalar göstərir ki, qidalar soyuducuda saxlanılsa da mikroorqanizmlər və kimyəvi proseslər səbəbindən xarab ola bilər.
Redaktor.az xəbər verir ki, Thomas Jefferson Universitetinin Philadelphia kampusunda aparılan tədqiqatlar, açılmamış pendir paketlərində maya və göbələk növlərinin, alma püresi və çörəkdə isə Penicillium göbələklərinin meydana çıxdığını göstərib.
Araşdırmalar həmçinin bildirir ki, soyuducuda düzgün temperatur və təmizlik təmin edilmədikdə qida itkiləri və təhlükəli mikrobların fəaliyyəti artır. Hindistanda aparılan ev təsərrüfatı tədqiqatları evlərdə qidaların düzgün saxlanmadığını, soyuducuların nadir hallarda təmizləndiyini və Salmonella, bəzi patogenlərin aşkar olunduğunu üzə çıxarıb.
Ekspertlər qeyd edir ki, qidalar soyuducuda adətən 3–4 gün ərzində istehlak olunmalı, daha uzun müddət saxlamaq təhlükəli ola bilər. Eyni zamanda araşdırmalar göstərir ki, qidaların düzgün saxlanmaması yalnız iqtisadi itkilərə yol açmır, həm də ətraf mühit və sağlamlıq üçün risk yaradır.
Mütəxəssislər vurğulayır ki, düzgün temperatur rejimi, qida paketlərinin bağlanması və soyuducuların mütəmadi təmizlənməsi qida təhlükəsizliyini təmin etmək üçün vacibdir.
Nuriyyə NATİQQIZI