"Neftçi" Sumqayıt səfərində 3 xala sevindi.
Çətin dönəmdə əldə olunan qələbə psixoloji baxımdan çox önəmli idi.
Tam da yerinə düşdü deyə bilərik.
Amma rahatlıqdan söhbət gedə bilməz.
Xüsusilə də hakimlərin yanlış qərarlarının bir-birini əvəzlədiyi məqamda.
Düzdü, bu dəfə qələbə oldu deyə, Elçin Məsiyevin xətası kölgədə qaldı. Əks halda Yankoviçin Sessi D’Almeydaya qarşı cərimə meydançasının daxilində etdiyi qayda pozuntusuna referinin susması haqlı suallara yol açacaqdır.
Ümumiyyətlə, "ağ qaralar"a qarşı səhv hakim qərarları ipə düzülməkdədir.
"Turan Tovuz"la oyunda Əliyar Ağayev yersiz yerə İqor Ribeyronu qırmızı vərəqə ilə meydandan qovdu.
"Sabah"la matçda İnqilab Məmmədov "Neftçi"nin lehinə verə biləcəyi penaltinin üzərindən keçdi.
Təsadüf bir olar, ya iki.
Ardıcıl üç oyunda və kifayət qədər təcrübəli referilərin gözü önündə yaşananların adını nə qoyaq? Cavab verməkdə çətinlik çəkirəm.
İş o həddə çatıb ki, baş məşqçi Samir Abasov mətbuat konfransında hakimlərə səslənərək "Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar" deyir.
Deməli, vəziyyət kənardan göründüyündən də acınacaqlıdır. Hakimlər bu durumu görməzdən gəlməli deyil. Bundan sonra "Neftçi"nin oyunlarında iki qat məsuliyyətli olmaq şərtdir.
Əks halda, Abasovun budəfəki xahişini növbəti dəfə daha sərt addımlar əvəzləyə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ