RU

Britaniyanın sabiq Baş naziri: Artıq çoxqütblü dünyadan danışırıq, bu, köklü dəyişiklikdir

Qərbdən başqa bir çox ölkələr də sürətlə inkişaf edir, Asiyanın, xüsusilə Çinin yüksəlişi baş verir, 1990-cı illərdən bəri vahid dünyadan çoxqütblü dünyaya keçidin şahidi oluruq.

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

Qordon Braun deyib ki, dünya iqtisadiyyatının ağırlıq mərkəzi dəyişir: “Artıq qərarların mərkəzləşdiyi vahid bir sistem yoxdur, indi bir çox mərkəzdə qərarlar qəbul olunur. Biz artıq “vahid dünya” deyil, “çoxqütblü dünya” anlayışından danışırıq və bu, köklü bir dəyişiklikdir. İkinci mühüm dəyişiklik isə budur ki, biz azad ticarətə əsaslanan dünyadan getdikcə daha proteksionist bir dünyaya keçirik. Ölkələr qloballaşmanın bəzi uğursuzluqlarına cavab olaraq proteksionist siyasət yürüdürlər. Söhbət istehsalı öz ölkəsinə qaytarmaq (on-shoring, re-shoring), idxal və ixrac balansını qorumaq, texnologiya və investisiyalara məhdudiyyətlər qoymaqdan gedir. Sanksiyalar və milli sənaye siyasətləri geniş yayılıb. Mən maliyyə naziri olduğum dövrdə iqtisadiyyat siyasəti diktə edirdi, bu gün isə əksinə, siyasət iqtisadi prosesləri müəyyən edir. Bu da bir tərəfdən müdafiə və təhlükəsizlik səbəbindən verilən qərarlarla, digər tərəfdən isə özünü təmin etmək və daxili bazarı qorumaq cəhdləri ilə bağlıdır. Millətçiliyin yüksəlişi qaydalara əsaslanan nizamı zəiflədir və gücə əsaslanan nizamı ön plana çıxarır. Ona görə də başa düşüləndir ki, BMT-nin 80 illik tarixi ərzində qurulmuş sistemi indi yenidən nəzərdən keçirməliyik. Dünya dəyişir və biz buna cavab verməsək, islahatlar aparmasaq, bu, uğursuz siyasətçilərə və dəyişiklik edə bilməyən liderlərə qarşı güclü reaksiyalara yol açacaq”.

Sabiq baş nazir qeyd edib ki, son illərdə çoxlu münaqişələrdə saysız-hesabsız insanlar həyatını itirib: “Bir çox ölkələrdə vətəndaş müharibələri davam edir. 35 ölkədə 36.000 insan arasında sorğu keçirdik, bütün qitələrdən məlumat topladıq. Nəticələr olduqca maraqlıdır, sorğuya qatılanların 80%-dən çoxu beynəlxalq əməkdaşlığı dəstəkləyir. Bu, çox vacib siqnaldır. Çünki hökumətlərin və liderlərin nə düşündüyündən asılı olmayaraq, dünya ictimaiyyəti əsas qlobal nemətləri – qida təhlükəsizliyini, sülhü, iqtisadi rifahı təmin etmək üçün əməkdaşlığa hazırdır. Biz bu məlumatları təhlil etdik və belə nəticəyə gəldik ki, dünya əhalisinin yalnız 16,5%-i beynəlxalq əməkdaşlığa qarşı çıxır və dünyanı “düşmən” kimi görür. Bu isə deməkdir ki, böyük əksəriyyət çoxtərəfli sistemi islah etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək tərəfdarıdır”.

Избранный
20
apa.az

1Источники