RU

Dünya idmanında mübahisəli təşəbbüs ciddi müzakirələrə səbəb olub

Berlin, 24 sentyabr, AZƏRTAC

Dünya idmanında yeni mübahisəli təşəbbüs – Təkmilləşdirilmiş Oyunlar (“Enhanced Games”) yaxın 250 gün ərzində start götürəcək. Bu yarışlarda dopinq qadağan edilməyəcə əksinə, yüksək nəticə və böyük mükafatlar üçün leqallaşdırılacaq.

AZƏRTAC Almaniyanın “Kicker” idman nəşrinə istinadla xəbər verir ki, proqrama idmanın üç növü - üzgüçülük, yüngül atletika və ağırlıqqaldırma daxil edilib. Hər yarış üçün 500 min ABŞ dolları məbləğində mükafat fondu ayrılıb, xüsusi dünya rekordları üçün isə bir milyon dollara qədər bonus nəzərdə tutulub.

Bəzi idmançılar bu yarışa qatılacaqlarını bildirsələr də, ümumilikdə bu təşəbbüs ciddi narazılıq doğurub. Ümumdünya Antidopinq Agentliyi (WADA) yarışları “təhlükəli və məsuliyyətsiz” adlandırıb. ABŞ Antidopinq Agentliyi oyunların gənclərə yanlış mesaj verməsi barədə xəbərdarlıq edib. Almaniyanın Milli Antidopinq Agentliyi isə layihənin etik və mənəvi cəhətdən qəbuledilməz olduğunu açıqlayıb.

Əfsanəvi sprinter Usain Bolt da məsələyə münasibət bildirib: “Heç bir problem görmürəm. Mənim dövrüm bitdi, indi başqalarının şansı var, amma onlar bunu təmiz etməlidirlər”.

Təkmilləşdirilmiş Oyunların təşkilatçıları arasında almaniyalı milyarder Kristian Anqermayer və avstraliyalı investor Aron D’Souza var. Onlar dopinqin təhlükəli olmadığını iddia edərək buna qarşı çıxan federasiyalara 800 milyon dollarlıq məhkəmə iddiası qaldırıblar. Qeyd olunub ki, bu qurumlar yarışları boykot etmək üçün qanunsuz kampaniya aparır.

Dünya Atletika Federasiyasının prezidenti Sebastian Co atletikada kifayət qədər yüksək mükafatların olduğunu, qarşıdakı dörd ildə 50 milyon dollar mükafat fondu ayrılacağını bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
50
1
azertag.az

2Источники