Ötən il Bakıda keçirilən COP29 parlaq bir nümunə oldu.
News365.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin sabiq Baş naziri Binali Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
Binəli Yıldırım bildirib ki, çoxtərəfliliyin çətinlikləri də vardır: “Birincisi, BMT Təhlükəsizlik Şurasında birbaşa rəqabət və veto səlahiyyətləri səbəbindən qərarlar tez-tez paralel və qeyri-effektiv olur. İkincisi, seçici çoxtərəflilik və ikili standartlar məsələsi var. Bu gün Qəzzada, dünyanın bir çox şəhərində mülki şəxslərin öldürülməsi, evlərin və xəstəxanaların dağıdılması kimi hadisələr baş verir. Bəzən beynəlxalq təşkilatlar bu faciəni dayandıra bilmir və ya istəmir. Beynəlxalq hüquq bəzən seçici şəkildə tətbiq olunur, təcavüzkarlar qorunur, digərləri cəzalandırılır və nəticədə çoxtərəflilik öz etibarını itirir. Üçüncüsü, zəif qlobal böhran reaksiyasıdır. Məsələn, COVID-19 pandemiyası bərabərsizlikləri dərinləşdirdi. Bəzi xalqlarda ərzaq ehtiyatları artıqlığı olarkən, digərlərində çatışmazlıq var idi. Ancaq çoxtərəfliliyin hekayəsi yalnız böhranla bağlı deyil, bu, həm də ümid və fürsətdir. Problemlər birgə həllər tələb edir. Heç bir ölkə iqlim dəyişikliyini dayandıra, süni intellekt və qlobal miqrasiyanı tənzimləyə bilməz. Paris İqlim Sazişi qlobal birliyin əsas mərhələsi olduğunu sübut edir. Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunə oldu. Dünya iqlim fəaliyyətini müzakirə etmək üçün Azərbaycana toplandı. Gələcəkdə isə NATO-nun iclasları Ankarada, Türkiyədə keçiriləcək və burada gələcək planlar müəyyənləşdiriləcək. Bu nümunələr göstərir ki, regional oyunçular qlobal səviyyədə ev sahibliyi edə bilər və böyük, kiçik bütün millətlər üçün dialoqlar təşkil edə bilər”.