RU

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı: multidissiplinar təqdimatlar və ustad dərsləri

Şamaxı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında növbəti təqdimat “Multidissplinar İncəsənət Festivalı” olub.

AZƏRTAC xəbər verir ki, Nəsiminin şeirləri, qəzəlləri musiqi və rəqs vasitəsilə təqdim olunub.

Sonra qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları dinlənilib.

Tədbirdə incəsənət ustaları Nəsiminin sözlərini və fəlsəfi ideyalarını müasir ifadələrlə auditoriyaya çatdırıblar. Festival iştirakçıları həm vizual, həm də emosional olaraq Nəsimi irsi ilə daha yaxından tanış olublar.

Festival çərçivəsində həmçinin gildən hərfdüzəltmə, art-terapiya, ekoçanta üzərində qrafika, xəttatlıq, meditasiya, bədən plastikası kimi ustad dərsləri keçirilib. Həmçinin, “Çardaq” qrupunun ifası və poeziya fləşmobu olub.

Daha sonra türkiyəli yazar və musiqiçi Hakan Mengüç sufizm fəlsəfəsi haqqında çıxış edib.

Hakan Mengüç AZƏRTAC-a açıqlamasında bu festivalda iştirakdan məmnunluğunu bildirib.

O, həmçinin tədbirə çoxlu sayda gəncin qatıldığını bildirib: “Onların bu mövzuya maraq göstərməsi məni sevindirir. Demək, bir şəkildə sözlərimizlə qəlblərə toxuna bilirik”, – deyə o vurğulayıb.

Türk Dünyası Araşdırmaları İnstitutunun nümayəndəsi, professor Metin Ekiçi bildirib ki, Nəsimi Türk dünyasının ortaq mədəni irsidir. O əlavə edib ki, Nəsiminin doğulduğu torpaqlarda təşkil edilən festival çərçivəsində səslənən şeirləri və qəzəlləri dinləmək böyük zövqdür.

Professor qeyd edib ki, bu cür tədbirlər Nəsimi irsinin gənc nəsillərə ötürülməsində və onun fəlsəfi-mənəvi dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək, şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Избранный
56
2
azertag.az

4Источники