RU

Trampın "sərhədlərinizi bağlayın" mesajı qorxunun əlamətidir - ŞƏRH

Vasif Əfəndiyev: "Avropanın bəzi ölkələrində kütləvi miqrasiya sosial gərginlik, işsizlik və mədəni ziddiyyətlər doğurur"

Bütün bir dinin və ya mədəniyyətin "təhlükə" kimi təqdim edilməsi qütbləşməni sürətləndirə bilər

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini miqrasiya böhranını həll edə bilmədikləri üçün tənqid edib. Tramp bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Avropa ölkələrində miqrantlar tərəfindən törədilən cinayətlər artmaqda davam edir. Eyni zamanda o, Vaşinqtonun bu problemin həllini tapdığını da vurğulayıb: "İnanın, mən bu məsələləri çox yaxşı bilirəm. 

Ölkələrinizin tutduğu yol yol deyil, vəziyyət getdikcə ağırlaşır. Amerikada nəzarət edilə bilinməyən miqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və ABŞ-dən qeyri-qanuni mühacirləri qovmağa başlayan kimi onlar sadəcə gəlməyi dayandırdılar". Amerika lideri vurğulayıb ki, qeyri-qanuni miqrant dalğası Avropanı cənginə alıb: "Bundan əvvəllər bənzər hallar heç vaxt görülməyib. Üstəlik, bu problemlə mübarizə aparmaq üçün heç kim heç nə etmir". Tramp əlavə edib ki, London o qədər dəyişib ki, sanki onlar islam qanunları ilə yaşamaq istəyirlər: "Bütün bunlar ona görədir ki, BMT Avropaya köçü təşviq edir. Ölkələriniz məhvə doğru gedir, sərhədləri bağlayın. BMT Qərb ölkələrinə və onların sərhədlərinə hücumu maliyyələşdirir". 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, Trampın seçicilərinin böyük hissəsi immiqrasiyadan narahat olan, təhlükəsizlik və milli kimlik məsələlərinə həssas yanaşan insanlardır. Ekspert vurğulayıb ki, Avropanı nümunə göstərməklə, o, həm də ABŞ ictimaiyyətinə xəbərdarlıq edir ki, onların səhvləri ABŞ-də təkrarlanmasın: 

"Avropadakı real proseslər ondan ibarətdir ki, Avropanın bəzi ölkələrində kütləvi miqrasiya sosial gərginlik, işsizlik və mədəni ziddiyyətlər doğurur. "Modern Avropa məhv olacaq" kimi ifadələr daha çox emosional və şişirdilmiş görünsə də, qismən həqiqəti əks etdirir. Avropa cəmiyyətləri tarixi boyu müxtəlif mədəniyyətlərlə üz-üzə gəlib və uyğunlaşma mexanizmləri formalaşıb. Bu gün Şərqdən Qərbə üz tutan immiqrant ordusunun bir qismi radikal dini qruplaşmalara qatılaraq çox ciddi problemlər yaradırlar. Xüsusilə Hindistandan gələn immiqrantların Qərb cəmiyyətinə inteqrasiyası çətin gedən prosesdir. Trampın çağırışlarının həm də geosiyasi motivləri var. Bu, Avropa Birliyinə təzyiq vasitəsi kimi dəyərləndirilsə də, başqa məqamlar da var. Burada müəyyən ehtiyatsız yanaşmadan söhbət gedir. Bütün bir dinin və ya mədəniyyətin "təhlükə" kimi təqdim edilməsi qütbləşməni sürətləndirə bilər. Halbuki məsələ daha çox sosial-iqtisadi və inteqrasiya problemlərindən qaynaqlanır". 

V.Əfəndiyevin fikrincə, reallıq odur ki, nəzarətsiz kütləvi immiqrasiya, doğrudan da, sosial problemlərə səbəb olur:

 "Bunu Avropadakı təcrübə göstərib. O baxımdan Tramp müəyyən mənada haqlıdır. Amma "Avropanın tam məhvi" kimi proqnozlar, əslində, siyasi ritorikadır. Avropa cəmiyyətləri hələ də çox güclü dövlət strukturlarına, iqtisadi potensiala və mədəni adaptasiya qabiliyyətinə malikdir. Yekunda belə qənaətə gəlmək olar ki, Trampın bəyanatı hisslərin, qorxuların üzərinə oynayan siyasi mesajdır. O, müəyyən gerçək problemlərə toxunsa da, ümumiləşdirmələrdə bir qədər ifrata varır".
Избранный
14
1
sherg.az

2Источники