RU

Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.

Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.

İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

Publika.az xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.

Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi-tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib.

Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək, onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər.

Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil - o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.

Избранный
25
16
publika.az

10Источники