RU

Türkiyə universitetlərinin rektorları Diaspor Komitəsində olub FOTOLAR

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb. 

"Unikal" xəbər verir ki, qonaqları səmimi salamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinin dostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcud bağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgə fəaliyyətə stimul verdiyini qeyd edib. 

Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoluda reallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumat verilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarının yetişdirilməsinin və üzə çıxarılmasının vacibliyindən danışılıb. 

Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar” fikrini xatırladan komitə sədri əslən Qərbi Azərbaycandan olan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyata keçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib. 

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyət daşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısı olmağımızın üstünlüklərindən danışıblar.

Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsində yaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyük töhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadan cəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndə heyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə və görüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davam etdirilməsinin vacibliyini söyləyiblər. 

Görüşdə türkdilli dövlətlərin vahid diasporunun yaradılması, Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi, DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivliyi, universitetlərlə ortaq layihələrin həyata keçirilməsi, Şərqi Anadoluda yaşayan azərbaycanlıların ali təhsilə maraqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. 

Komitə sədrinin Qars və İğdır bölgələrinə səfəri zamanı oradakı Azərbaycan icması ilə, eləcə də hər iki bölgənin rəsmi şəxsləri ilə görüşdüyü, həmçinin Qars Qafqaz Universitetini ziyarət etdiyi, ali məktəbin müəllim və tələbə heyəti ilə yaxından tanış olduğu nəzərə çatdırılıb. Bununla yanaşı, komitənin mütəmadi olaraq Türkiyədəki diaspor təşkilatları ilə birgə 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ölkəmizin digər önəmli günləri ilə bağlı kütləvi tədbirlər keçirdiyi, müxtəlif şəhərlərdə bayram günləri münasibətilə böyük konsert proqramları təşkil etdiyi xatırladılıb. Həmin tədbirlərdə minlərlə azərbaycanlının, eləcə də türklərin və ölkəmizi sevən digər xalqların nümayəndələrinin iştirak etdiyi vurğulanıb. Yaxın vaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərinin forumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib. 

Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqında danışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların ana dilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlar yaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb. 

Qeyd edək ki, nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu daxildir. 

Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionun nüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektivi ilə görüşləri də nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
4
unikal.az

5Источники