RU

"SOCAR Green": Azərbaycan "yaşıl enerji" sahəsində regional ekspertiza mərkəzinə çevriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə "SOCAR Green" şirkəti bərpa olunan enerji sahəsi ilə bağlı ekspertiza istiqamətində Azərbaycanı regionun əsas ölkəsinə çevirmək istəyir.

“İki sahil” xəbər verir ki, bunu "SOCAR Green" MMC-nin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, "SOCAR Green"in üç fərqli əməliyyat sahəsi var: "Birincisi, yaşıl və aşağı karbonlu layihələrin inkişafı və idarə edilməsidir. Buraya bərpa olunan enerji sahəsi, bioyanacaqlar daxildir. Bundan başqa, söhbət həm də "yaşıl hidrogen", geotermal enerji, karbonun tutulması və saxlanılmasından gedir. İkinci məqsədimiz SOCAR-ın dekarbonizasiya hədəflərini dəstəkləməkdir. Bunun üçün biz ölkə daxilində və potensial olaraq ölkə xaricində müxtəlif SOCAR aktivləri ilə işləyirik. SOCAR 2035-ci ilə qədər emissiya intensivliyini 30 %, 2035-ci ilə qədər mütləq emissiyaları 20 % azaltmaq və 2050-ci ilə qədər sıfır emissiya öhdəliyi götürüb. Sonuncu fəaliyyət istiqamətimiz isə ekspertiza toplamaq və birləşdirməkdir".

O qeyd edib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində ekspertiza mütəxəssisi çatışmazlığı problemi var: "Bərpa olunan enerji Azərbaycan üçün olduqca yeni mövzudur və biz çox zaman Azərbaycanda ekspertiza səviyyəsinin kifayət qədər aşağı olması ilə üzləşirik. Bu o deməkdir ki, həyata keçirmək istədiyimiz hər hansı layihə üçün biz təkcə texnologiyanı deyil, həm də bir çox ekspert idxal etməli olacağıq. Biz Azərbaycanda ekspertiza toplamaq və bərpa olunan enerji və "yaşıl texnologiya"lar istiqamətində Azərbaycanı regional ekspertiza mərkəzinə çevirmək istəyirik". (Report)

Избранный
16
ikisahil.az

1Источники