RU

Paşinyanın Moskva səfərinin pərdəarxası: Kreml İrəvandan nə tələb edir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ səfərinin ardından  Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bildirilib ki, sentyabrın 25-də Baş nazir Moskvada keçiriləcək “Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak edəcək. ABŞ-dan bir başa Rusiyaya gedən Paşinyan Putinlə nəyi müzakirə edəcək? 
Kremlin Paşinyanla təcili görüş istəməsinin pərdəarxasında hansı səbəblər dayana bilər? 
ABŞ və Rusiya arasında gərgin münasibətlər fonunda Ermənistan üçün bu ikili siyasətin riskləri nədən ibarətdir?
Moderator.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri,politoloq  Xəyal Bəşirov deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar atdığı bəzi addımlar Rusiyada müəyyən qüvvələri ciddi şəkildə narahat edir:
 
“Çünki Cənubi Qafqazda Rusiyanın mövcudluğu hazırda yalnız Ermənistan vasitəsilə mümkündür. Ermənistanda hərbi bazası, sərhəd xidməti qüvvələri və müxtəlif formalarda təsiri olan Rusiyanın bu ölkədən sıxışdırılıb çıxarılması, nəticədə isə Rusiyanın bütövlükdə Cənubi Qafqazdan uzaqlaşdırılması ilə bağlı addımlar atılır. Qərb ölkələri də bu prosesi intensivləşdiriblər. Xüsusilə ABŞ, Rusiya ilə bağlı mövcud gərginlik fonunda Cənubi Qafqaz vasitəsilə Moskvaya Ukrayna mövzusunda təzyiq göstərmək niyyətindədir. Təbii ki, bu, Rusiya tərəfini narahat etməyə bilməz və Ermənistan hakimiyyətinin addımları zaman-zaman Moskvanın qəzəbinə səbəb olub. Buna görə də hesab edirəm ki, Nikol Paşinyandan bununla bağlı izahat tələb olunur.
Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində artıq son mərhələyə daxil olunub. Səkkiz avqustda saziş mətninin paraflanması, Zəngəzur dəhlizi ilə bağlı ABŞ-Ermənistan arasında əldə olunan razılıq, ardınca BMT Baş Assambleyasında ABŞ prezidenti Donald Trampın bu məsələyə dair mövqeyini açıqlaması, yəni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülhün bərqərar olunması istiqamətində atılan addımlar bütün dünyanın diqqətinə çatdırılıb. Bütün bunlar isə Rusiyaya açıq mesaj verir ki, proses sona yaxınlaşır.Bundan sonra Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəksə, sülh sazişi imzalanacaqsa, bu, Rusiya tərəfini ciddi şəkildə narahat edir. Elə Ermənistan baş nazirinin də narahat olduğu məqamlar məhz bunlardır”.
 
Politoloq qeyd edib ki, əgər Ermənistan baş naziri əvvəlki dövrlərdə olsaydı, Moskvaya hər çağırışa getməzdi:
 
“Biz bilirik ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Nikol Paşinyan bu seçkiləri öz xeyrinə həll etmək üçün ABŞ və Qərbdən olan bir sıra dövlətlərin müəyyən mənada neytrallaşdırılması, ən azı prosesin öz lehinə yönləndirilməsi istiqamətində addımlar atıb və düşünür ki, artıq bunu uğurla həyata keçirib. İndi isə əsas məsələ Rusiya tərəfidir. Rusiyanın razılığını, yaxud ən azından neytrallığını təmin etmək üçün Paşinyan dərhal Moskvaya çağırıldığı kimi səfər edir və hesab edirəm ki, onun narahatlığı da bununla bağlıdır.
Rusiya tərəfi Ermənistana verəcəyi suallara qaneedici cavab alacaqsa, o halda proses bu şəkildə davam edə bilər. Amma əgər anlaşılmazlıqlar yaranacaqsa və Kreml özünə lazım olan cavabları əldə etməyəcəksə, bu zaman Ermənistan cəmiyyətində bunun əks-sədasını görəcəyik. Ermənistanda yenə mitinqlər, etirazlar, xaotik proseslər baş verəcək. Yəni bu sualın cavabı belə olacaq: əgər qarşıdurmalar yenidən başlayarsa, bu, artıq rəsmi Kreml ilə Nikol Paşinyan arasında anlaşılmazlığın mövcud olduğunu göstərəcək”.
 
 
Mehin Mehmanqızı
 
Избранный
20
50
moderator.az

10Источники