Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, bu hadisəni sadəcə musiqi yarışının təsadüfi epizodu kimi qəbul etmək düzgün olmaz. Əksinə, bu addım mədəniyyətin və incəsənətin xalqları birləşdirən gücünün bariz nümunəsidir. Siyasətçilərin və diplomatların masada əldə etməyə çalışdığı nəticəni, bəzən bir musiqi ifası, bir səmimi jest daha təsirli şəkildə ifadə edə bilir.
Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan nümayəndələrinin belə bir addımı, ilk növbədə, xalqlar arasında qarşılıqlı hörmət və dialoq imkanlarının mövcud olduğunu göstərir. Bu, sülhə gedən yolda mədəniyyətin körpü rolunu təsdiqləyən bir işarədir. İfaçılara verilən 10 ballıq qiymət həm də bir-birinin istedadına, yaradıcılığına hörmətin simvoludur.
"Əlbəttə, bu jesti dərhal siyasi münasibətlərin dəyişməsi kimi dəyərləndirmək də hələ tezdir. Amma vacib məqam ondadır ki, bu kimi nüanslar ictimai rəyin formalaşmasına təsir edir. Xüsusən də hər iki ölkənin vətəndaşları arasında sülhə, qarşılıqlı anlaşmaya dəstək mesajı kimi qəbul olunur," - deyə B. Quliyev əlavə edib.
Siyasi şərhçinin fikrincə, "Silk Way Star"da nümayiş olunan bu mədəni jest həm simvolik, həm də gələcək münasibətlər baxımından ümidverici bir addımdır. Bu, bir daha sübut edir ki, siyasət meydanında gərginlik yaşansa da, xalqların ürəyində sülh arzusu və ictimai rəydə dinclik, sabitlik istəyi var.
Sevda Dəniz