Akademik Həsən Əliyev küçəsindən metronun "Koroğlu" stansiyasınadək avtomobil yolunun Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.
Dövlət Proqramına əsasən, avtomobil yolunun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3.9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2.6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Tunellər və yeraltı piyada keçidləri
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
- 1 nömrəli tunel - yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə - 120 m, açıq hissə - 386 m);
- 2 nömrəli tunel - yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə - 74,09 m, açıq hissə - 289 m);
- 3 nömrəli tunel - yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə - 192.8 m, açıq hissə - 114.5 m);
- 4 nömrəli tunel - yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894.7 m, eni 27.5 m-dir (qapalı hissə - 259.5 m, açıq hissə - 390.6 m, çıxış hissəsi - 244.6 m).
Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Yeraltı piyada keçidlərində icra vəziyyəti:
- 1-ci keçid (km 0+244) - 5%;
- 2-ci keçid (km 1+328) - 78%;
- 3-cü keçid (km 3+077) - 95%.
Texniki göstəricilər və görülmüş işlər
Layihə üzrə nəzərdə tutulmuş:
- 9 899 ədəd svay və jetdən - bu günədək 4 559 ədəd;
- 3 400 metr rigeldən - 1 314 metr;
- 1 346.53 metr istinad divarından - 431 metr inşa olunub.
Tikinti prosesi "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.
Hazırda metronun "Ulduz" stansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Bu çərçivədə yerinə yetirilib:
- Torpaq işləri: 899 123.78 m³;
- Torpaq yatağı: 408 896.154 m³.
Layihənin ümumi icra vəziyyəti
Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyəti təqribən 35% təşkil edir.
Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.










