RU

Bu il POS-terminallardan istifadə ilə bağlı 1100-dən çox qanun pozuntusu aşkar edilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust ayları ərzində POS-terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 qanun pozuntusu aşkar edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir.

Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur, bu da istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə nəticələnir. Vergiödəyicilərinin nəzərinə çatdırılır ki, POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir.

Qeyd olunub ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

Избранный
8
15
azertag.az

10Источники