RU

“Gələcəyin mətbəxlərində əsas tendensiya ekoloji yanaşma olacaq” -Elmira Arqavani

“Gələcəyin

Son illərdə evlərin, ofislərin ümumilikdə gündəlik həyatımıza bağlı olan sosial obyektlərin dizayn və tərtibatında ciddi dəyişikliklər baş verib. Xüsusən də evlərin dizaynında modernizm üslubu daha çox önə çəkilir. Bu istiqamətdə ən çox diqqət çəkən məkan isə mətbəxdir. Maraqlıdır, mətbəxlə bağlı təmir, dizaynı seçəndə nələri düz etmirik və ümumilikdə evin bu ən çox sevilən məkanı insanlar üçün nə deməkdir?

Müsahibimiz mütəxəssis, “Team4U”nun kreativ direktoru Arqavani Elmiradır.

– Müasir dövrdə mətbəx anlayışı dəyişibmi? Onun bugünki rolu nədən ibarətdir?

- Müasir dövrdə ideal, erqonomik mətbəx artıq sadəcə yemək bişirilən məkan deyil. O, ünsiyyətin, söhbətin və ailəvi rahatlığın mərkəzinə çevrilib. İnsanlar evdə ən çox vaxtlarını məhz mətbəxdə keçirirlər. Buna görə də mətbəx hər birimiz üçün xüsusi əhəmiyyət daşımağa başlayıb.

– Mətbəxin ailə münasibətlərində rolu nədir? Birlikdə yemək bişirmək və süfrə arxasında toplaşmaq ailə bağlarını necə gücləndirir?

-Açıq və ya yarıaçıq planlaşdırmaya əsaslanan müasir mətbəxlər ailə üzvlərini bir-birinə daha yaxın edir. Belə məkanda yemək bişirərkən uşaqlara nəzarət etmək mümkündür. Qonaqlarla ünsiyyət itmir, ailə üzvləri daim bir-birinə yaxın qalır. Artıq mətbəxin yalnız ev sahibəsinin qapalı məkanı olması dövrü geridə qalıb.

– Dizayn baxımından mətbəxi “evin ürəyi”nə çevirmək üçün hansı elementlər vacibdir?

-Burada ən önəmli məqam düzgün planlaşdırmadır. Erqonomik həllər, müasir dizayn və keyfiyyətli furnitura xüsusi rol oynayır. Saxlanma yerlərinin ağıllı qurulması, masaüstü materialının düzgün seçilməsi mətbəxi həm rahat, həm də funksional edir. Materialların harmoniyası və innovativ texnologiyaların tətbiqi də bu prosesi tamamlayır.

– Kiçik mətbəxdə də “ailəvi istiliyi” yaratmaq mümkündürmü?

- Əlbəttə mümkündür. Məkan məhdud olsa belə, şkafların ağıllı yerləşdirilməsi rahatlıq yaradır. İşıqlanma və kiçik dekorativ detallar məkana istilik qatır. Belə məkanlarda daha çox düz və minimal üslublu fasadlar seçmək tövsiyə olunur.

– Mətbəxin emosional atmosferinə hansı detallar təsir göstərir?

- Burada hər detal mühüm rol oynayır. Rənglərin seçimi, işıqlandırma sistemi və materialların keyfiyyəti ilk növbədə insanın əhvalına təsir edir. Dizayn gözəl və funksional olduqda, mətbəxdə keçən vaxt müsbət enerji bəxş edir. Hətta burada çalışan insanın ruh halı da məkanın ab-havasına öz enerjisini qatır.

– Mətbəx yalnız qadınların yox, bütün ailənin məkanı ola bilərmi?

- Müasir yanaşmada mətbəx artıq bütün ailənin məkanıdır. Gözəl və funksional mətbəx hər kəs üçün ilhamverici ola bilər. Ailə üzvlərinin yemək bişirməyə marağı artır və birlikdə vaxt keçirmək daha zövqlü olur. Hətta bu, bəzi hallarda yeni vərdişlərə və kulinariya bloqlarının yaranmasına da gətirib çıxara bilər.

– Sizin üçün mətbəxdə ən dəyərli xatirə hansıdır?

- Mətbəxlə bağlı sevgim hələ 14 yaşımda başlayıb. Anam tez-tez işdə olurdu və mən yeməkləri özüm hazırlayırdım. O vaxt anam mənə ilk kulinariya kitabımı – “Azərbaycan mətbəxi”ni hədiyyə etmişdi. Həmin gündən bütün yeməkləri həmin kitabdan öyrənərək bişirməyə başladım.

Şirniyyatlarda uğursuzluqlarım çox olurdu, amma bu mənim üçün həm maraqlı, həm də əyləncəli xatirələr yaratdı. İllər keçsə də, həm yerli, həm də dünya mətbəxinə marağım davam edir. İndi isə mənim sevgim yalnız yemək bişirməyə yox, həm də mətbəxlərin özünü – yəni xəyallarımızdakı mətbəxləri yaratmağa yönəlib.

– Siz görə, gələcəyin mətbəxləri necə olacaq?

- Gələcəyin mətbəxlərində əsas tendensiya ekoloji yanaşma olacaq. Zəhərli örtüklərdən imtina ediləcək və yeni, sağlam materiallardan istifadə ediləcək. Artıq metal karkaslı və tam təhlükəsiz materiallardan hazırlanan mətbəx nümunələri mövcuddur.

İnnovativ həllər də geniş yayılacaq. Məsələn, plitələr görünmədən, birbaşa masaüstündə yemək bişirmək mümkün olacaq. Yenilikçi şüşə səthlər, hərəkət edən arxa panellər, gizli bölmələr və aksesuarlar artıq reallığa çevrilməkdədir.

Gələcəkdə antibakterial fasadlar, yanğına və rütubətə davamlı materiallar daha çox istifadə olunacaq. Minimalist mətbəx adaları həm bişirmə, həm də yemək masası funksiyasını daşıyacaq.

Texnologiya prosesi sadələşdirəcək. Qab yumaq üçün sadəcə sensor üzərində hərəkət kifayət edəcək. İtalyan və alman dizaynerlərinin təqdim etdiyi innovasiyalar bu sahəyə yeni nəfəs verəcək. Əlbəttə ki, bütün sistemlər smart texnologiyalarla təchiz olunacaq.

Избранный
9
2
xalqcebhesi.az

3Источники