RU

Akademik Kenjexan Matıjanov: “Alpamış” dastanı Türk dünyasının mədəni kodunun Qütb ulduzudur

Bakı, 25 sentyabr, AZƏRTAC

“Alpamış” dastanı Türk dünyasının mədəni kodunun Qütb ulduzudur.

AZƏRTAC xəbər verir ki, bu fiki Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru akademik Kenjexan Matıjanov Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni modları” beynəlxalq elmi simpoziumunda çıxış edərkən söyləyib. O qeyd edib ki, türk xalqlarının klassik qəhrəmanlıq dastanlarının ən görkəmli nümunələrindən biri olan “Alpamış batır” dastanı tarixi rəvayətlərin və Qızıl Orda dövrünün epik ənənəsinin formalaşmasında xüsusi rola malikdir.

Akademik K.Matıjanov dastanın kompozisiyasındakı dualist xarakteri, mifoloji motivlərin tarixi şüura uyğunlaşdırılması və müxtəlif versiyalarda süjet sabitliyini əsərin başlıca bədii xüsusiyyətləri kimi qiymətləndirib.

Alim vurğulayıb ki, “Alpamış”ın yayılma coğrafiyası Altay bölgəsinin “Alıp Manaş” adlı qəhrəmanlıq nağılından başlayaraq qazax, özbək, tatar, qarakalpak və digər türk xalqlarının folklor versiyalarını əhatə edir. O, həmçinin dastanın etnomədəni kimliyin ifadəsində, Konırat tayfasının jıra ənənəsini mənimsəyib qorumasında, yazılı mətnlərin tədqiqi, onların mətnşünaslıq xüsusiyyətləri və elmi dövriyyəyə daxil edilməsində əvəzsiz rola malik olduğunu diqqətə çatdırıb.

“Bu gün “Alpamış batır” dastanı ənənəvi jıra ifaçılığı sayəsində yaşadılır, məktəb proqramlarına daxil edilib, gənclər arasında geniş populyarlıq qazanıb və UNESCO çərçivəsində beynəlxalq səviyyədə tanınıb”, – deyə akademik vurğulayıb. O, əsərin müasir folklorşünaslıq metodları ilə kompleks şəkildə araşdırılmasının aktuallığını da xüsusi qeyd edib.

Избранный
4
azertag.az

1Источники