RU

Professor: “Dədə Qorqud kitabı” ümumdünya dastan yaradıcılığının qanunauyğunluqlarını öyrənmək baxımından misilsiz mənbədir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Özbəkistan Fənlər Akademiyası Ə.Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru professor Jabbor Eshonqulov Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, professor Jabbor Eshonqulov çıxışında bahşinin (ozan) türk xalqlarının dastan yaradıcılığında ən yüksək bədii obrazlardan biri olduğunu söyləyib. Alimin sözlərinə görə, bu tipin ən kamil təcəssümü “Dədə Qorqud kitabı”nda – Qorqud Ata obrazında əks olunur. “Qorqud Ata həm cəmiyyətin başçısı, həm də dastanın yaradıcısı kimi təqdim edilir. Bu obraz bahşi və şamanın müxtəlif dövrlərdə eyni sinkretik mənbədən qaynaqlandığını sübut edir”, – deyə alim vurğulayıb.

Professor J.Eshonqulov dünya dastanları ilə müqayisələr apararaq qeyd edib ki, qədim “Odisseya”, “Mahabharata” və “Ramayana”da dastan yaradıcısının həm ifaçı, həm də hadisələrin iştirakçısı kimi təsvirinə rast gəlinir. O, eyni ənənəyə Dədə Qorqudda da rast gəlindiyini, bahşi obrazının bəzən əsas qəhrəman səviyyəsinə yüksəldiyini, bəzən isə dastanın gedişində və ya sonunda epizodik şəkildə iştirak etdiyini diqqətə çatdırıb.

Alim bildirib ki, “Dədə Qorqud Kitabı” təkcə türk epik irsinin deyil, ümumdünya dastan yaradıcılığının qanunauyğunluqlarını öyrənmək baxımından da misilsiz mənbədir. Professor J.Eshonqulovun fikrincə, bahşi – Qorqud Ata obrazını araşdırmadan bu dastanın mifoloji təməllərini və bədii mahiyyətini tam anlamaq mümkün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
azertag.az

2Источники