Bu gün Azərbaycan Basketbol Federasiyası ölkə basketbolunda ilin yekunları və gələcək planlar barədə tədbir keçirib.

Offsideplus.az xəbər verir ki, tədbirdə ABF-nin prezidenti Emin Əmrullayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, məşqçi və basketbolçular iştirak edib. 

E.Əmrullayev tədbirdən sonra keçirilən brifinqdə federasiyanın planlarından danışıb: 

"Addım-addım strategiyamıza doğru getməyə çalışır. 2030-cu ilə qədər planımız U-16, U-18 yaşlı komandalarımızın arzuedilən A divizionunda oynamaları, ən azından B divizionunda yer tutmalarıdır. Bu halda biz milli komandanın və milli basketbolçuların müxtəlif güclü çempionatlarda, eyni zamanda Azərbaycan Basketbol Liqasında daha keyfiyyətli oyunlarından danışa bilərik. Cari mövsüm həlledici rol oynayacaq. Növbəti mövsümdən 6 komandadan 8 komandalı liqaya keçmək istəyirik. Bu bizim əsas liqamız olacaq. Bundan əlavə, daha 6 və ya 8 komandalı I Liqa təşkil olunacaq. Hər il bir komanda aşağı liqaya düşəcək, digəri yuxarı liqaya vəsiqə qazanacaq. Bizim üçün ən önəmli məqamlardan biri Qadın Basketbol Liqasıdır. Bu il ola bilər ki, mövsümün sonuna qədər 4 komandadan ibarət liqa formalaşsın, buna ümid edirik. Bu həm də sponsorlardan asılıdır. Çalışırıq ki, bu liqa formalaşsın və Qadın Basketbol Liqası müntəzəm olaraq fəaliyyət göstərsin".