“Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasında Felipe Santos yenə öz ampluasında idi.
Oyuna hücumçu kimi başlayan braziliyalı təkcə qol vurmaq üçün çaba göstərmir, zaman-zaman rəqib futbolçuları təxribata çəkməklə məşğul idi.
Bir epizodda Toral Bayramovla, digərində Şahruddin Məhəmmədəliyevlə aralarındakı söz atışmasının insindentə çevrilməməsinin qarşısını Bədavi Hüseynov oldu.
34 yaşlı kapitan komanda yoldaşlarını təxribata uymamağa səsləyir, Felipeni olay yerindən uzaqlaşdırırdı.
Sportinfo.az-a açıqlama verən Bədavi braziliyalının davranışları ilə bağlı bunları deyib:
“Onun tipi belədir. Bu cür futbolçular olur. Ürəkdən oynayır, cərimə zərbəsi qazanmağa çalışır, bəzən münaqişə yaradır. Bunu normal qarşılayıram.
Əsas odur şəxsiyyətə keçməsin. Təhqirediri hərəkətlər, söyüş söymək – bunlar xoş deyil.
Felipe bu işdə tək deyil, Vanderson da rəqibi təxribata çəkməyi xoşlayır. Düzü, buna hazır idik.
Şükürlər olsun ki, heç kim təxribata getmədi və oyun sakit başa çatdı. Kapitan kimi işimi yerinə yetirməyə çalışırdım. Xüsusi nəsə etdiyimi düşünmürəm”.
Xatırladaq ki, ötən mövsümün 26-cı turunda bu komandalar arasında “Liv Bona Dea Arena”da baş tutan matçda gərgin anlar yaşanmışdı.
Oyunun 83-cü dəqiqəsində Yassin Benzia ilə Felipe Santosun arasında başlayan mübahisəyə digər futbolçular da qoşulunca, əlbəyaxa dava yaşanmışdı.
Nəticədə Felipe dərhal qırmızı vərəqə ilə cəzalanmış, Elvin Cəfərquliyevlə Musa Qurbanlı İntizam Komitəsinin qərarı ilə 1-i şərti olmaqla 2 oyunluq cəzaya layiq görülmüşdü.
HƏBİB