Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər uzadıldığını və bunun yeni enerji blokuna rahat keçidi təmin edəcəyini bəyan edib.
Sitat.info xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Qlobal Atom Forumunda bildirib.
Onun sözlərinə görə, stansiyanın modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsi "Rosatom" və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir.
"AES-in istismar müddətinin 2026-cı ildən 2036-cı ilədək uzadılması onun hazırkı istismar müddəti bitdikdən sonra yeni enerji blokuna təhlükəsiz və sərfəli keçidi üçün zəmin yaradır", - Paşinyan qeyd edib.
O, Ermənistanın ölkənin enerji sisteminin təhlükəsizliyini və spesifik xüsusiyyətlərini nəzərə almaqla, mövcud blokun dəyişdirilməsi üçün optimal həllər tapmaq məqsədilə BAEA və digər tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb. Baş nazir qeyd edib ki, yeni obyektlər regionun inkişafında mühüm faktorlar olacaq.