“Təəssüf ki, Bakı şəhərində piyadaların sərbəst hərəkəti əvvəllər yaxşı təşkil olunmayıb. Piyada səkilərinin bir çoxu zəbt edilib, onların yerində obyektlər və yaşayış binaları tikilib. Məktəblərə gedən avtomobil yollarının üzərində də binalar yerləşdirilib. Bütün bunlar yol hərəkəti iştirakçılarının sərbəst hərəkətinə mane olur və qəza riskini artırır. Məktəb ətrafında və yaxın ərazilərdə yol hərəkəti xüsusilə təhlükəsiz şəkildə təşkil edilməlidir ki, məktəbə gedən və qayıdan uşaqlar qəzalardan qorunsun. Son illərdə Bakı və ətraf ərazilərdə piyadalar üçün müəyyən tədbirlər görülüb: yeni səkilər salınıb, piyada keçidləri yerüstü, yeraltı və eyni səviyyəli şəkildə yaradılıb, siqnalizasiya sistemləri yenilənib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Qeyd edək ki, son günlər məktəblərin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri, xüsusilə uşaqların avtomobil vurması ilə nəticələnən qəzalar valideynlər arasında ciddi narahatlıq yaradıb. Tədris mövsümünün başlaması ilə məktəb ətrafında piyadaların sayı artsa da, sürücülərin diqqətsizliyi və yol hərəkəti qaydalarına laqeyd yanaşması uşaqların təhlükəsizliyini risk altına qoyur.
Ekspert bildirib ki, görülən işlər hələ tam yetərli deyil və əlavə tədbirlər görülməlidir.
“Qəfil döngələrdə, enişlərdə və yoxuşlarda yerləşən piyada keçidlərinin yerləri dəyişdirilməli, qəza riskli ərazilərdən kənarlaşdırılmalıdır. Piyada keçidlərini xəbərdar edən nişanlar mütləq olmalıdır. Hazırda bəzi magistral və sosial yollar boyunca, həm şəhər içi, həm də kənar ərazilərdə bu nişanlar mövcuddur. Lakin şəhər daxilində nişanların sayının artırılması faydalı olardı. Xəbərdar edici nişanlar piyada keçidindən 100–150 metr əvvəl yerləşdirilməli və sürücüləri əvvəlcədən xəbərdar etməlidir. Təəssüf ki, bir çox uşaqlar, xüsusilə məktəbyaşlılar, piyada keçidindən düzgün istifadə qaydalarını bilmir. Bu qaydalar orta məktəb tədris proqramına daxil edilməlidir. Sadəcə bir dərs və ya bir saatlıq təlim kifayət deyil; tədris daha praktik və sistemli şəkildə aparılmalıdır. Məktəb proqramında mövcud bəzi fənlərin yerində yol hərəkəti qaydalarına dair dərslərin təşkili məqsədəuyğundur. Həftə ərzində bir neçə dərs şəklində, ibtidai sinifdən 11-ci sinfə qədər tədris edilməsi tövsiyə olunur. Bu, uşaqların yol, avtomobil, piyada və yol hərəkəti qanunlarını başa düşməsinə kömək edəcək. Şəhərdə hərəkət edən insanların bütün davranışları yol hərəkəti qanunları ilə tənzimlənir. Bu qanunların uşaqlıqdan öyrədilməsi vacibdir. Təhsil sistemi bu sahəyə diqqət yetirməli, qanunların öyrədilməsi və praktiki məşqlər məktəblərdə təşkil edilməlidir”.
Ekspert əlavə edib ki, sürücülük kursları əsasən forma xarakteri daşıyır və praktiki bacarıqların kifayət qədər öyrədilməsinə yetərli deyil:
“Məktəblərdə yol hərəkəti qaydalarının praktik və sistemli şəkildə tədrisi həm təhlükəsiz vətəndaş yetişdirməyə, həm də qəzaların və xəsarətlərin qarşısının alınmasına xidmət edəcək. Uşaqlar ibtidai sinifdən etibarən bu qaydaları öyrənməli və tətbiq etməlidirlər. Bu, onların təhlükəsizliyini təmin etməklə yanaşı, gələcəkdə məsuliyyətli vətəndaş yetişməsinə də yardımçı olacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az