Sentyabrın 16-da Qarabağın incisi olan Şuşa şəhərində Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilmiş görüş yalnız ikitərəfli münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regionda yeni əməkdaşlıq imkanlarının açılması ilə tarixə düşdü.
BƏƏ ilə Azərbaycanın iqtisadiyyat, enerji, qida təhlükəsizliyi, mədəniyyət kimi sahələrdə əməkdaşlıq etdiyini qeyd edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, liderlərin şəxsi dostluq münasibətləri, qarşılıqlı hörmət və ehtiram iki ölkə arasında əməkdaşlıq əlaqələrini daha da gücləndirir.
Prezident İlham Əliyev bu səfərin dostluq və qardaşlıq əlaqələrinə yeni təkan verəcəyini vurğulayıb. Şuşa artıq Azərbaycanın diplomatik şəhərinə çevrilir. Görüşün məhz işğaldan azad olunmuş ərazidə baş tutması strateji bir addım idi. İmzalanan sənədlər, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək. "Dövlət başçımız ərazidə bərpaolunan enerji istiqamətində BƏƏ şirkətlərinin roluna toxunaraq, ölkədə istifadəyə verilmiş ilk günəş-elektrik stansiyasının məhz bu əməkdaşlığın nəticəsi olduğunu xatırladıb. Yaxın illərdə bir neçə qiqavatlıq "yaşıl enerji" istehsalı da ölkəmizdə BƏƏ-nin dəstəyi ilə reallaşacaq. "Masdar" şirkətinin Azərbaycanda inşa etdiyi nəhəng günəş-elektrik stansiyası MDB məkanında ən böyük layihə hesab olunur", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda yaranan yeni reallıq ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. BƏƏ liderinin Azərbaycanın regionda sülh və əmin-amanlığın təmin olunmasında oynadığı rolu yüksək qiymətləndirməsi və Ermənistanla sülh sazişi istiqamətində əldə edilmiş nailiyyətləri alqışlaması buna bariz nümunədir. Şuşada keçirilən görüş çərçivəsində enerji, nəqliyyat, turizm, süni intellekt, təhsil və biznes sahələrini əhatə edən 15-dən artıq sənəd imzalanıb. Onların sırasında enerji və bərpaolunan enerji üzrə anlaşma memorandumları, turizm və mədəniyyət sahəsində əməkdaşlıq sənədləri, süni intellekt və rəqəmsal inkişaf sahəsində razılaşmalar, SOCAR və ADNOC arasında strateji əməkdaşlıq sazişi xüsusi əhəmiyyət daşıyır.
Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin enerji əməkdaşlığı beynəlxalq miqyasda da diqqət çəkir: "Dubayda keçirilmiş UNFCCC COP28 zamanı əldə edilən təcrübə Bakıda təşkil olunan COP29-un uğurlu keçirilməsinə töhfə vermişdi. Bundan əlavə, "COP28-COP30" troika formatı (BƏƏ-Azərbaycan-Braziliya) qlobal iqlim gündəliyində üç ölkənin sıx əməkdaşlığını təmin edir".
Deputat qeyd edib ki, Şuşadakı görüş Azərbaycan və BƏƏ münasibətlərinin artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləyib. Bu əməkdaşlıq təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır, həm də mədəniyyət, təhsil, turizm və regional təhlükəsizlik istiqamətlərini əhatə edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"