“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı çox ciddi mesajları ilə yadda qaldı. Verilən ən ciddi mesaj isə Xəzər dənizinin suyunun sürətlə çəkilməsi ilə bağlı idi.
Prezident İlham Əliyevin BMT tribunasından “2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır” bəyanatını verməsi heç də təsadüfi deyil”.
Bunu Paralel.az -a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla mesaj verdi ki, dünyada baş verən ekoloji problemlərin və böhranların hamısını iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil.
“Burada bəzi dövlətlərin və güclərin hansısa yaxşı niyyətlərə hesablanmayan maraqlarına xidmət edən siyasət dayanır. Son illərdə Xəzər dənizinin sürətlə kiçilməsinin arxasında məhz hansısa təbii proseslər deyil, müəyyən maraqlara xidmət edən siyasi amillər dayanır. Və bunu qlobal iqlim dəyişikliyi ilə izah etmək absurddur”, – o vurğulayıb.
Deputat əlavə edib ki, düzdür, Xəzər dənizində zaman-zaman çəkilmələr qeydə alınıb və bunlar obyektiv təbii proseslər səbəbindən baş verib: “Amma son çəkilmənin o qədər də iqlim dəyişikliyinə və digər təbii proseslərə aidiyyəti yoxdur. Bunun üçün Xəzər dənizinə axan su mənbələrinə diqqət yetirmək kifayətdir. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur ki, Xəzərə tökülən suların 80 faizini bu çay təşkil edir. Kür çayı 6%, Ural çayı 5% təşkil edir. Yerdə qalan çaylar isə təqribən 10 faizi təşkil edir. Bu zaman Xəzər dənizinin suyunun sürətlə çəkilməsinin əsas səbəbkarının hansı ölkə olduğunu aydın müəyyən etmək olar. Yəni Xəzərə daxil olan suların böyük əksəriyyəti Rusiyanın payına düşdüyündən, suyun sürətlə çəkilməsinin də əsas səbəbkarı Rusiyadır.
Rusiya Xəzər dənizinə suyun tökülməsini əngəlləməklə Xəzər hövzəsindəki bölgəyə öz geosiyasi maraqlarını diktə etməyə və region ölkələrini özündən asılı vəziyyətə salmağa çalışır. Çünki Xəzərin yerləşdiyi coğrafiyaya nəzər salsaq görərik ki, Rusiyadan yan keçən bütün bağlantı xətləri Xəzər və Azərbaycan üzərindən keçməklə Avropa ilə Asiyanın geniş ərazisini əhatə edir. Bu layihələrin reallaşmasında isə Rusiya kənarda qalır və Moskva özünün iştirak etmədiyi təşəbbüslərə nəinki qısqanclıqla yanaşır, həm də onları hər vasitə ilə əngəlləməyə çalışır. Həmçinin, ən müxtəlif təsir imkanlarından istifadə etməklə bu layihələrə nəzarət mexanizmini tətbiq etməyə cəhd edir. Moskvanın Xəzər dənizinə tökülən suları əngəlləməkdə məqsədi də budur. Lakin Rusiya anlamır ki, belə bir vəziyyət onun öz xeyrinə deyil və müəyyən müddətdən sonra özünə də ciddi ziyan vuracaq.
Bu səbəbdən də son illərdə Azərbaycan Xəzər dənizinin sürətlə çəkilməsi ilə bağlı ən müxtəlif platformalarda davamlı olaraq həyəcan təbili çalır. Ölkə başçısının BMT tribunasından beynəlxalq aləmə mesaj verməsi gələcəkdə Avrasiya coğrafiyasının böyük bir ərazisində beynəlxalq birliyin birgə səyi ilə gözlənilən təbii fəlakət böhranının qarşısının vaxtında alınmasına xidmət edir.
Xəzərdə yaranan problemin aradan qalxması üçün Xəzəryanı ölkələrlə yanaşı, beynəlxalq aləm də Rusiyanın məsuliyyətini qabartmalı və vahid mövqedən çıxış etməlidir. Əks təqdirdə bunun fəsadları çox pis nəticələrə gətirib çıxara bilər”.