RU

Bakıya giriş, mərkəzə gediş pullu olacaq? - Detallar

Rayonlardan şəhərə girişin pullu olması ilə bağlı heç bir müzakirə aparılmır. Hazırda yalnız Bakının mərkəzi hissəsində yerləşən bəzi zonalara avtomobillə girişin ödənişli edilməsi müzakirə olunur.

Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, məsələ ictimaiyyət arasında yanlış təqdim olunur:

"Hazırda rayonlardan Bakıya girişin pullu olması ilə bağlı heç bir rəsmi müzakirə aparılmır. Belə bir mövzu gündəmdə yoxdur. Əsas müzakirə predmeti şəhərin daxilində - mərkəzi zonalara girişin pullu edilməsi ilə bağlıdır. Bu da hər yerə aid edilmir, konkret zonalar müəyyənləşdiriləcək.

Bunun bariz nümunəsini İçərişəhərdə görmək mümkündür. Ora avtomobillə giriş ödənişlidir və saatla hesablanır. Qiymət kifayət qədər bahadır - 1 saat üçün 2 manat. Üstəlik, bəzən yer tapmaq da çətin olur. Lakin orada yaşayan sakinlər üçün giriş pulsuzdur”.

E.Muradlı əlavə edib ki, söhbət şəhərin ümumi mərkəzi girişindən deyil, yalnız müəyyən zonalara girişin pullu olmasından gedir:

"Məsələn, Nizami (Tarqovı) küçəsinin 1-2 arxa küçəsi, Ağ Şəhər bulvarına gedən yol və ya Hərbi Qənimətlər Parkı istiqamətindəki ərazilər ödənişli zonaya çevrilə bilər. Hazırda bu zonalarla bağlı müəyyən müzakirələr aparılır, lakin hələ dəqiq qərar yoxdur”.

Onun sözlərinə görə, məsələ Prezidentin imzaladığı fərmanla hüquqi əsas qazanıb və aidiyyəti dövlət qurumlarına təkliflərin hazırlanması üçün vaxt verilib:

"Dövlət başçısının imzaladığı fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Bu müddətdə təkliflər hazırlanacaq. Biz də bu prosesdə iştirak edəcəyik və öz təkliflərimizi verəcəyik”.

Ekspert sosial mediada yayılan "şəhərin mərkəzinə giriş pullu olacaq” ifadəsinin yanlış və absurd olduğunu vurğulayıb:

"Şəhərin mərkəzinə giriş pullu olacaq” demək tamamilə yanlışdır. Neftçilər prospektində hərəkət edəndə sizdən heç kim pul tələb edə bilməz, çünki bu, əsas magistraldır. Amma siz prospektdən dönüb, məsələn, "Sahil” metrosu ətrafına, Nizami küçəsinə daxil olmaq istəsəniz, hansı ki, həftəsonları AYNA tərəfindən bağlanır – onda pul ödəməli olacaqsınız.

Bu zonalar xüsusi olaraq seçiləcək. Zonalar müəyyənləşəndən sonra dəqiq siyahı ictimaiyyətə açıqlanacaq”.(axar.az)

Избранный
6
5
ulusum.az

6Источники