Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son illərdə Azərbaycanda sadələşdirilmiş vergi sistemi ilə bağlı ciddi müzakirələr aparılır. Qeyd edək ki, ölkədə illik dövriyyəsi 200 min manatdan artıq olan sahibkarlar 18 faiz ƏDV ödəməlidirlər. Ekspertlər vergi orqanlarını bu sahədə dəyişikliklər etməyə çağırsa da, hələlik nəticə yoxdur.
İqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində bu məsələyə yenidən diqqət çəkib.
O vurğulayıb ki, Azərbaycan hökuməti bu məsələyə ədalətlə yanaşmalıdır: “Çünki həmin 200 min manatlıq məhdudiyyət dolların 78 qəpik olduğu dövrdə müəyyən edilmişdi. O vaxt 200 min manat təxminən 240-250 min dollara bərabər idi. Heç olmasa, indiki məzənnə ilə hesablanaraq bu həddin yarım milyon manata yaxınlaşdırılması zəruridir. Bu, elementar məntiqdir. Amma bunu etmədilər. Bu isə sahibkarlar üçün ciddi problemlər yaradır. Onlar məcbur qalırlar ki, bir neçə VÖEN açsınlar – qızının, oğlunun, həyat yoldaşının və ya öz adlarına. Əgər hədd 1 milyon manata qaldırılsaydı, həm dövriyyə rahatlanardı, həm də vergi yükü azalar, çünki Azərbaycanda vergilər kifayət qədər yüksəkdir”.
İqtisadçı Toğrul Vəliyev isə bildirib ki, son bir neçə ildir Vergilər Xidməti Azərbaycanda sadələşdirilmiş vergi sisteminin ləğvi istiqamətində ciddi səylər göstərir. Onun sözlərinə görə, faktiki olaraq bütün sahibkarlar ya gəlir vergisi, ya da əlavə olaraq ƏDV ödəyicisi olmağa məcbur edilirlər.
T. Vəliyev qeyd edib ki, müxtəlif ekspertlər qonşu ölkələrin təcrübəsini nümunə göstərsələr də, Azərbaycanda sadələşdirilmiş vergi üzrə yuxarı hədd hələ də 200 min manat olaraq qalır. O bildirib ki, bu rəqəm uzun müddətdir dəyişdirilməyib və onun nəyə əsaslandığı aydın deyil.
İqtisadçı əlavə edib ki, Rusiya Maliyyə Nazirliyi 2026-cı il üçün Vergi Məcəlləsinə dəyişiklik təklif edib. Bu dəyişiklikdə sadələşdirilmiş vergi sistemi üzrə maksimal dövriyyə məbləğinin 60 milyon rubldan 10 milyon rubla endirilməsi nəzərdə tutulur ki, bu da təxminən 203 min manata bərabərdir. Toğrul Vəliyev bildirib ki, göründüyü kimi, Azərbaycandakı 200 min manatlıq limit əslində qonşu ölkələr üçün nümunəyə çevrilir.
Rasim
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.