RU

Azərbaycanın yeni rolu: Qlobal təhlükəsizlik və davamlı inkişaf naminə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın keçdiyi yolun, sadəcə, hesabatı deyil, dünya ictimaiyyətinə ünvanlanmış strateji manifest oldu. Bu nitqdə ölkəmizin daxili və xarici siyasətinin bütün əsas istiqamətləri - azad olunmuş torpaqların bərpasından tutmuş qlobal iqlim və enerji gündəliyinədək öz əksini tapdı".
Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, Prezident haqlı olaraq xatırlatdı ki, onilliklər boyu Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icrasız qalıb:
"Bu, seçiciliyin və ikili standartların beynəlxalq hüquqa inamı necə sarsıtdığını açıq göstərdi. Bu gün Azərbaycan hüququn gücü və öz iradəsi ilə ərazi bütövlüyünü bərpa etməklə yalnız tarixi ədalətsizliyi aradan qaldırmadı, həm də sübut etdi ki, beynəlxalq hüquq bəyanatdan ibarət yox, real işlək mexanizm olmalıdır.
Dünya ictimaiyyəti üçün bu, aydın mesajdır: uzunmüddətli sülh yalnız o halda mümkündür ki, qətnamələr və razılaşmalar həqiqətən icra olunsun, təcavüzkar isə məsuliyyət daşısın.
Prezident Əliyev vurğuladı ki, 2020-ci ildə Qələbədən dərhal sonra ölkəmiz Ermənistanla sərhədlərin qarşılıqlı tanınması və suverenliyə hörmət prinsipləri əsasında sülh təklif etdi. Bu addım Azərbaycanın xarici siyasətinin yetkinliyinin göstəricisidir. Bu gün isə nəticələr göz qabağındadır: sülh müqaviləsinin mətni paraflanıb və nəticəsiz qalmış Minsk prosesi bağlanıb. Cənubi Qafqaz regionu üçün bu, tarixi dönüşdür - onilliklər ərzində ilk dəfə davamlı sülhün real perspektivi yaranıb".
S.Fətəliyeva vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş Vaşinqton Sammiti isə göstərdi ki, Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur:
"Strateji tərəfdaşlıq haqqında Memorandumun imzalanması və TRIPP ("Sülh və rifah marşrutu") təşəbbüsü təsdiq edir ki, ölkəmiz Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas həlqədir.
Xüsusi diqqətəlayiq məqam isə "907-ci düzəliş"in tətbiqinin dayandırılmasıdır. Bu, sadəcə, tarixi ədalətsizliyin aradan qaldırılması deyil, Azərbaycanın qlobal sabitliyin təmin edilməsində etibarlı tərəfdaş kimi rolunun tanınmasıdır.
Prezidentin çıxışı göstərdi ki, Azərbaycan intiqam deyil, quruculuq siyasəti aparır. Dağıdılmış şəhərlərdə artıq onminlərlə insan yaşayır və çalışır, "Böyük Qayıdış" proqramı isə təkcə milli dirçəlişin yox, həm də postmünaqişə bərpasına humanist yanaşmanın rəmzinə çevrilib.
Lakin Prezident haqlı olaraq ən ciddi problemin - mina təhlükəsinin hələ də qalmaqda olduğunu vurğuladı. Bu, insanların qayıdışına və infrastruktur layihələrinin həyata keçirilməsinə əsas maneədir. Beynəlxalq ictimaiyyət Azərbaycanın humanitar minatəmizləmə səylərini daha fəal dəstəkləməlidir.
Prezidentin nitqi, həmçinin əsas balansı təsbit etdi: bir tərəfdən, Azərbaycan 14 ölkə üçün enerji təhlükəsizliyinin qarantıdır; digər tərəfdən isə COP29-a ev sahibliyi edərək və iqlim maliyyələşdirilməsi üzrə tarixi qərarın qəbuluna rəhbərlik etməklə "yaşıl" gündəmin liderinə çevrilib.
Bu, strateji düşüncənin göstəricisidir: biz etibarlı karbohidrogen tədarükçüsü olaraq qalmaqla yanaşı, eyni zamanda, bərpaolunan enerji və rəqəmsal layihələrə sərmayə yatırır, gələcəyin iqtisadiyyatını möhkəmləndiririk.
Aşağı səviyyəli işsizlik və yoxsulluq, rekord dərəcədə az xarici borc, yüksək beynəlxalq reytinqlər - bütün bunlar seçilmiş kursun düzgünlüyünü təsdiqləyir. Ən əsası isə odur ki, müharibədə qələbə son deyil, yeni dövrün başlanğıcı oldu.
Azərbaycan sübut etdi: münaqişədən sülhə, dağıntıdan quruculuğa, regional statusdan qlobal nüfuza keçid mümkündür.
Dünya ictimaiyyəti üçün İlham Əliyevin çıxışı dialoqa və əməkdaşlığa dəvət, bizim - azərbaycanlılar üçün isə qürur mənbəyi və dövlət kursunun ardıcıl, praqmatik və uzaqgörən olduğunun təsdiqidir.
Azərbaycan bu gün BMT tribunasından zərərçəkmiş ölkə kimi deyil, qalib dövlət, sülh qurucusu və lider ölkə kimi danışır və qlobal ədalətə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verməyə hazırdır".
Əzizə İsmayılova
Избранный
20
4
oxu.az

10Источники