RU

XİN dən Simonyana cavab: Azərbaycanın mövqeyi dəyişməyib

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Hüseyn İbrahimov: Sülh sazişi yalnız konstitusiyadakı dəyişikliklərdən sonra gündəmə gələ bilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh sazişinin konstitusiya islahatlarından əvvəl imzalanmasının mümkün olduğunu bildirib. Bu barədə Ermənistanın yerli mətbuatı məlumat yayıb. 

Simonyan qeyd edib ki, bu ehtimal istisna edilmir və sülh sazişinin imzalanması prosesində müxtəlif ssenarilər nəzərdən keçirilir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Sherg.az-ın sorğusunu cavablandırıb. 

Nazirlikdən bildirilib ki, "məsələ üzrə Azərbaycanıb mövqeyi məlumdur və dəyişməz olaraq qalır. Əlavə şərhə isə ehtiyac yoxdur".

Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyası Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəalar ehtiva etdiyi üçün İrəvanın bu sənəddə dəyişikliklər etməsi rəsmi Bakı üçün sülh prosesində zəruri addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Politoloq Hüseyn İbrahimov İrəvanın bir tərəfdən sülh müqaviləsinin tezliklə imzalanmasını istəsə də, digər tərəfdən cəmiyyətin bu dəyişikliyə hazır olmaması səbəbindən müəyyən tərəddüdlər yaşadığını söyləyib: 

"Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlərə diqqət yetirə bilərik. Dövlət başçımız aydın şəkildə bildirdi ki, sülh sazişinin imzalanması yalnız Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsindən sonra mümkün olacaq. Bu yanaşma həm siyasi, həm hüquqi baxımdan, həm də regionda davamlı və möhkəm sülhün təmin olunması baxımından ən əsaslı mövqedir. Lakin təəssüf ki, bəzən Ermənistanın bu istiqamətdə verdiyi vədlərdən geri çəkildiyinin və ya qeyri-müəyyən açıqlamalar verdiyinin şahidi oluruq. Halbuki, Ermənistan rəhbərliyi, o cümlədən Baş nazir özü konstitusiyada dəyişiklik edilməsi ilə bağlı razılığını daha əvvəl ifadə etdi. Bu isə onu göstərir ki, İrəvan bir tərəfdən sülh müqaviləsinin tezliklə imzalanmasını istəsə də, digər tərəfdən cəmiyyətin bu dəyişikliyə hazır olmaması səbəbindən müəyyən tərəddüdlər yaşayır. Digər ehtimal isə ondan ibarətdir ki, Ermənistan bu mövzu ətrafında ictimai rəyin formalaşdırılmasına və medianın diqqətini öz üzərində saxlamağa çalışır, yəni məsələni aktuallıqda saxlamaq məqsədi güdür. Lakin Ermənistan da ədalətli, dayanıqlı və sabit sülhün əldə olunmasında maraqlı olmalıdır".

Ekspert ABŞ-da keçirilmiş son üçtərəfli görüşün bu baxımdan müəyyən ümidlər yaratdığını söyləyib:

"Həmin görüşdə Ermənistanın sülh istiqamətində öhdəlik götürməsi və konstitusiyada dəyişiklik etməyə hazır olduğunu göstərməsi müşahidə olundu. Bu da onu deməyə əsas verir ki, əgər Ermənistan həqiqətən ABŞ-da razılaşdırılmış prinsiplərə sadiq qalacaqsa, konstitusiya dəyişiklikləri qaçılmaz olacaq.

Buna görə də Ermənistan parlamentinin spikeri Alen Simonyanın səsləndirdiyi "sülh sazişi konstitusiya dəyişikliklərindən əvvəl də imzalana bilər" fikri daha çox ehtimal xarakteri daşıyır. Real proseslərin gedişi onu göstərir ki, sülh sazişi yalnız konstitusiyadakı dəyişikliklərdən sonra gündəmə gələ bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
sherg.az

2Источники