RU

Əliyevlə Trampın möhkəm şəxsi dostluğu dünyanın yeni uğur şansına çevrilə bilər...


Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasındakı səmimi münasibətlər son dövrlər dünya gündəmində yer alır. Avqustun 8-də Prezident Əliyevin Vaşinqton səfəri zamanı Tramp tərəfindən hərarətlə qarşılanması, aralarında müsbət dialoqun qurulması, ABŞ Prezidentinin Azərbaycan Prezidentini böyük lider adlandırması, Prezident Əliyevin də qarşılıqlı olaraq Prezident Tramp barədə səmimi fikirlər söyləməsi diqqətdən yayınmadı.

Vaşinqton səfərində ABŞ Prezidenti Donald Tramp Azərbaycan lideri İlham Əliyevlə ikitərəfli görüş zamanı ona xüsusi hədiyyə təqdim etdi. Sözügedən hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır. Bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır. Bu da Trampın Əliyevə səmimi münasibətinin və dostluğunun təzahürüdür.

Eyni zamanda, ABŞ Prezidenti “Truth Social" sosial şəbəkəsində etdiyi paylaşımda İlham Əliyevi “yaxşı dostum, böyük lider” adlandırdı. Prezident İlham Əliyev də Donald Trampın paylaşımına münasibətində “Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm” dedi və ABŞ prezidentinə təşəkkürünü bildirdi.

Nyu-Yorkda BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə də Trampla Əliyev arasındakı səmimi söhbət diqqətdən yayınmadı, dünya mediasında gündəmə çevrildi.

Əliyevlə Tramp arasında qarşılıqlı isti təmaslar mövcuddur və möhkəm dostluq yaranıb. Bu onların bir-birinə münasibətində, xoş sözlər deməsində və sairdə özünü açıq şəkildə göstərir.

Son il yarımda baş verənlər İlham Əliyevlə Donald Tramp arasında şəxsi təmasların möhkəm dostluğa çevrilməyə başladığını göstərir. Bu dostluq möhləmləndikcə bizim regionun və ümumən Avrasiyanın gələcəyinə necə təsir göstərəcək?

Ekspertlərin fikrincə, Əliyevlə Trampın isti münasibətlərinin olması təsadüfi deyil, çünki hər iki lider dünyada sülh və əmin-amanlığın bərqərar olmasına, mövcud müharibələrə son qoyulmasına, sülhün zəfər çalmasına çalışır. Onları bu kimi keyfiyyətlərin yaxınlaşdırdığını deyən ekspertlər bildirir ki, Azərbaycan Prezidenti Qarabağ problemini həll edib dövlətimizin ərazi bütövlüyünü təmin etdi, torpaqlarımızda suverenliyimizin bərpa olunmasını həyata keçirdi, ABŞ prezidenti də indiyə qədər bir çox münaqişələrə son qoyub və daim sülh üçün çalışır. Bu baxımdan, hər iki liderin bir-birinə yüksək dəyər verməsi, dostluq münasibətində olması beynəlxalq və regional problemlərin həllinə yaxından kömək edə bilər.

Aydın Mirzəzadə: “Bu münasibətlər regionda sülhün, stabilliyin olmasında, gərginliyin aradan qalxmasında böyük rol oynayacaq”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan bütün ölkələrlə xoş münasibət saxlamağa həmişə böyük önəm verib, o cümlədən, dünyanın aparıcı dövləti olan ABŞ-la münasibətlər də bizim xarici siyasətdə böyük rol oynayıb: “İndiki prezident Donald Trampın dövründə isə bu əlaqələr səmimiyyətə, bir-birinin milli maraqlarına hörmətlə yanaşmaq üzərində qurulur. Cənab Prezidentin avqust ayında ABŞ-a səfərilə də hər iki ölkə liderləri arasında əvvəllər mövcud olan münasibətlər daha yüksək səviyyəyə qalxdı. BMT Baş Məclisi çərçivəsində görüşlər, ayaqüstü söhbətlərsə bir daha göstərdi ki, ABŞ və Azərbaycanın dostluğa, yaxşı münasibətlərə böyük imkanları var. Bu münasibətlər regionda sülhün, stabilliyin olmasında, gərginliyin aradan qalxmasında böyük rol oynayacaq”.

İlyas Hüseynov: “Səmimi, açıq münasibətlər, əlbəttə ki, Azərbaycan-ABŞ münasibətlərinin də inkişafına təkan verir”

Politoloq İlyas Hüseynov da bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında möhkəm dostluq münasibətləri özünü göstərir: “Səmimi, açıq münasibətlər, əlbəttə ki, Azərbaycan-ABŞ münasibətlərinin də inkişafına təkan verir, eyni zamanda regionumuzda dayanıqlı sülh, sabitlik, təhlükəsizlik mühitini gücləndirir. Cənab Prezident Donald Trampın birinci prezidentlik dövründə yaranan münasibətlərin inkişafında maraqlıdır. Elə Şuşa Qlobal Media Forumunda hələ ABŞ-da prezident seçkiləri keçirilməmiş üstüötrülü, diplomatik dillə jurnalistin sualına cavab olaraq bildirmişdi ki, bizim üçün Respublikaçı namizəd Trampın namizədliyi daha məqbuldur. Və zaman göstərdi ki, ABŞ-ın seçiciləri də Donald Trampa etimad göstərdi, o yenidən prezident kürsüsünə yiyələndi. Hazırda ABŞ-Azərbaycan münasibətlərində çoxtərəfli istiqamətləri qeyd edə bilərik. Bu həm ikitərəfli iqtisadi-siyasi münasibətlərdir, həm Azərbaycanla ABŞ arasında Strateji Xartiyanın yaradılması üçün İşçi Qrupun təsis olunması kimi mühüm göstəricidir. Eləcə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında birgə bəyannaməyə ABŞ prezidenti Donald Trampın şahidlik etməsi diqqət çəkir. Hesab edirəm ki, bu mühüm göstəricilərdə şəxsi münasibətlər də üstün mövqeyə malikdir. Hətta BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident ali kürsüdən çıxış edərkən Prezident Trampa təşəkkür etdi və ona Cənubi Qafqazda sülhün yaradılması istiqamətində səylərinə görə minnətdarlıq ifadə etdi. Hesab edirəm ki, bu əldə edilmiş nəticələri daha da inkişaf etdirmək lazımdır. ABŞ dünyada əsas supergüc olan dövlətdir və ABŞ-la siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, müasir informasiya texnologiyaları, süni intellekt, logistika sahəsində çox geniş imkanlar və potensial var. Azərbaycan xalqının da yüksək istedadını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda yüksək standartlara malik istehsal, sənaye, xidmət, turizm, kənd təsərrüfatı sahəsində çox böyük uğurlar əldə etmək olar və burda ABŞ texnologiyasının tətbiqi həlledici faktora malikdir”.

İradə SARIYEVA

Избранный
14
baki-xeber.com

1Источники