RU

Tariximizə yazılan şanlı Zəfər

2020-ci ilin 27 sentyabrda başlanan 44 günlük haqq savaşımızda Vətənin qeyrətli oğulları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək düşmən əsarətində olan Qarabağımızı azad etdilər. Odur ki, 27 sentyabr şərəf tariximizə qəhrəmanlıq, ləyaqət günü kimi yazıldı. İndi beşinci ildir xalqımız bu günü sonsuz hörmət və qürurla yad edir, öz canı-qanı bahasına qazanılan parlaq qələbəmizin mərdlik, qeyrət simvoluna çevrilən zəfər şəhidlərin əziz xatirəsini daim qəlbində yaşadır.

Respublikamızın hər yerində olduğu kimi, Astara Pedaqoji Kollecində də Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən sevdalıların  əziz xatirəsi həmişə ehtiramla anılır. “27 Sentyabr - Anım Günü” münasibətlə keçirilən bu ilki tədbirdə kollecin şəhid məzunu Arif Qeybiyevin həyat hekayəsinə nəzər salınıb.

Əvvəlcə Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başlanan tədbirin giriş sözündə Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin əhəmiyyətindən , igid Vətən oğulların şücaətindən danışanda onu xüsusilə qeyd edib ki, şəhidlərin qanı bahasına qazanılan zəfər 30 ilə qədər düşmən tapdağında qalan, əzəli yurd yerimizi- Qarabağımızı bizə qaytarmaqla yanaşı, həm də xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. Haqq savaşımızda kollecin məzunlarından və burada çalışan əməkdaşların yaxınlarından şəhidlik zirvəsinə yüksələnlər də vardır. Şərəfli ölümü ilə ürəklərdə əzəmətli abidə ucaldan hər bir şəhidin xatirəsi bizlərə əzizdir.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov öz çıxışında isə “27 Sentyabr - Anım Günü” nün qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu bildirib.

Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva təhsil ocağında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən söz açıb, kollecin Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri Nuranə Fərəcova şəhid Arif haqqında xatirələrində hələ onun tələbəlik zamanı mərd, şücaətli olduğunu dilə gətirib, eləcə tədbirə qona qismində qatılan şəhidin dostu Fərrux Əlizadə Ariflə birgə keçirdiyi uşaqlıq xatirələrdən danışıb.

Kollecin əməkdaşı, şəhid Arif Qeybiyevin anası Rəna Qeybiyeva çıxış edərək kollecin bütün kollektivinə təşəkkürünü bildirib.

Tədbir Vətən şəhidlərinə həsr olunmuş video-çarxın nümayişi ilə sona çatıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
14
ikisahil.az

1Источники