RU

Azərbaycan BMT: bəşəri dəyərlərə sədaqət

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Regional təhlükəsizlikdən qlobal liderliyə doğru

Azərbaycanın 2 mart 1992-ci ildə BMT-yə qəbul edilməsi ilə ölkənin beynəlxalq müstəvidə tanınması və müstəqilliyinin legitimləşdirilməsi prosesi başa çatdı. Quruma üzvlük Azərbaycanın yeni dünya nizamında öz yerini müəyyənləşdirməsi baxımından tarixi dönüş nöqtəsi idi. Sonrakı dövrlərdə Bakı BMT platformasından istifadə edərək həm regional, həm də qlobal problemlərin müzakirəsinə aktiv töhfə verib.

SSRİ-nin dağılması ilə yaranmış yeni dövlətlər üçün beynəlxalq tanınmanın ən ali mərhələsi BMT üzvlüyü idi və bu, onların qlobal hüquq və siyasət sisteminə inteqrasiyasını təmin edirdi. O dövrdə Ermənistanın təcavüzü və Qarabağ münaqişəsi ölkənin varlığını təhdid edirdi. Buna görə də, Azərbaycanın BMT üzvlüyü dövlətin mövcudluğunu və suverenliyini qlobal hüquqi sistem çərçivəsində qorumaq cəhdi idi. Baş Assambleyanın 46/230 saylı qətnaməsi Azərbaycanın suverenliyinin təsdiqi olmaqla yanaşı, ölkəyə beynəlxalq hüquq normalarına istinad etmək üçün güclü siyasi əsas verdi.

Azərbaycan BMT-yə üzv olduğu gündən etibarən təşkilatın Nizamnaməsində əks olunmuş prinsiplərə – suverenlik, sərhədlərin toxunulmazlığı, beynəlxalq mübahisələrin sülh yolu ilə həllinə xüsusi önəm verib. Bakı üçün beynəlxalq hüquqa sadiqlik regional münaqişənin çərçivəsini aşaraq universal siyasi mövqeyə çevrildi. Azərbaycan inkişaf, təhlükəsizlik və humanitar gündəmlərdə də BMT ilə əməkdaşlığı dərinləşdirərək özünü məsul tərəfdaş kimi göstərdi. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində qəbul edilən milli proqramlar ölkənin qlobal çağırışlara adaptasiya qabiliyyətini nümayiş etdirdi. Azərbaycan sosial və iqtisadi məsələlərdə beynəlxalq təşəbbüslərə qoşulan, bəzən onları təşviq edən aktora çevrildi.

* * *

Azərbaycanın BMT Baş Assambleyasının illik ümumi müzakirələrində ən yüksək səviyyədə təmsil olunması ölkənin beynəlxalq siyasətdə özünü təsdiqləməsi baxımından strateji əhəmiyyət daşıyır. 1994-cü ildə Heydər Əliyevin Baş Assambleyada ilk çıxışı Azərbaycanın müstəqil dövlət kimi BMT tribunasından öz mövqeyini dünyaya bəyan etməsinin başlanğıcı oldu. Heydər Əliyevin nitqində Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində izah edilməsi Azərbaycanın əsas diplomatik strategiyası idi. 1995-ci ildə BMT-nin 50 illik yubileyinə həsr olunmuş xüsusi iclasda Heydər Əliyev münaqişələrin sülh yolu ilə həllini, beynəlxalq əməkdaşlığı və təhlükəsizliyi ön plana çıxardı. 2000-ci ildə Minillik Zirvə Toplantısındakı çıxışı isə artıq Azərbaycanın qlobal gündəmdə iştirak niyyətini göstərirdi. Burada ölkə yalnız regional münaqişə mövzusu ilə yox, beynəlxalq inkişaf və qlobal əməkdaşlıq məsələləri ilə çıxış etməklə öz xarici siyasətinin üfüqlərini genişləndirdi.

İlham Əliyev 2003-cü ildə Baş nazir qismində, daha sonra isə Prezident kimi (2004, 2010, 2017) etdiyi çıxışlarda Azərbaycanın mövqeyini daha da sərtləşdirilmiş və sistemli şəkildə təqdim etdi. Əsas vurğu beynəlxalq hüququn aliliyinə, xüsusilə də ərazi bütövlüyü prinsipinin təmin olunmasına yönəlmişdi. 2010-cu ildən sonra enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıqla bağlı vurğular isə Azərbaycanın BMT gündəmində “təhlükəsizlikdən inkişafadək” geniş spektrdə çıxış edən tərəfdaş statusunu möhkəmləndirdi.

2017-ci ildəki çıxış artıq Azərbaycanın qlobal güc balansında özünü daha güclü mövqedə hiss etdiyini göstərirdi. Bakı bu dövrdə həm enerji layihələri ilə Avrasiya məkanında strateji aktor, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə təhlükəsizlik təminatçısı rolunu ön plana çıxarırdı. İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar Azərbaycanın beynəlxalq imicini “problemin qurbanı”ndan “həllin tərəfdaşı”na çevirmə istiqamətində mühüm addımlar idi.

2020 və 2021-ci illərdə pandemiya səbəbindən onlayn formatda edilən çıxışlar Azərbaycanın qlobal humanitar məsələlərdə təşəbbüskar mövqeyini ön plana çıxardı. İlham Əliyev qlobal səhiyyə təhlükəsizliyi və beynəlxalq həmrəylik mövzularını qabardaraq Azərbaycanın qlobal miqyasda da humanitar liderlik iddiası ilə çıxış etdiyini göstərdi. Beləliklə, Azərbaycanın BMT Baş Assambleyasındakı yüksək səviyyəli iştirakı ölkənin beynəlxalq siyasətdə öz mövqeyini sistemli şəkildə formalaşdırmasının göstəricisidir. Heydər Əliyevin çıxışları müstəqilliyin legitimləşdirilməsi və münaqişənin dünyaya çatdırılması mərhələsini təmsil edirdisə, İlham Əliyevin nitqləri Azərbaycanın qlobal çağırışlarda aktiv tərəfdaş və təşəbbüskar aktor kimi çıxış etməsinin siyasi sübutudur.

* * *

2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tarixində mühüm diplomatik qələbə kimi qiymətləndirilməlidir. Ən diqqətçəkən məqam isə 2013-cü ilin oktyabrında sədrliyə təsadüf edən dövrdə Azərbaycanın təşəbbüsü ilə Təhlükəsizlik Şurasında İslam Əməkdaşlıq Təşkilatına həsr olunmuş ilk yüksək səviyyəli iclasın keçirilməsi oldu. İƏT məsələsinin Təhlükəsizlik Şurasının gündəminə gətirilməsi Azərbaycanın daha geniş sivilizasiya və konfessiyalararası əməkdaşlıq ideyasını müdafiə etmə niyyətini göstərirdi.

Azərbaycanın 2003–2005, 2017–2019-cu illərdə və üçüncü dəfə 2025-ci ildən etibarən İqtisadi və Sosial Şuranın (ECOSOC) üzvü seçilməsi ölkənin beynəlxalq əməkdaşlıqda inkişaf yönümlü gündəmi önə çıxarmasının sübutudur. ECOSOC üzvlüyü Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi prosesində daha fəal rol almasına imkan yaradıb. Burada Bakı regional əməkdaşlıq platformaları təqdim edən, iqtisadi müxtəlifləşmə təcrübəsini paylaşan tərəfdaş kimi çıxış edib. Azərbaycanın enerji resurslarından əldə olunan gəlirləri sosial-iqtisadi inkişafa yönəltməsi və postmünaqişə dövründə yenidənqurma modelini BMT platformasında gündəmə gətirməsi bu üzvlüklərin praktik əhəmiyyətini artırır.

2006–2009-cu illərdə Azərbaycanın BMT İnsan Hüquqları Şurasına üzv seçilməsi isə daha fərqli bir meydanda ölkənin diplomatik bacarıqlarını sınadı. Çox zaman Qərbin tənqidlərinə hədəf olan ölkə, eyni zamanda, inkişaf etməkdə olan dövlətlərin insan hüquqları sahəsində özünəməxsus yanaşmalarını dəstəkləyərək balanslı mövqe sərgilədi.

* * *

Azərbaycanın BMT ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri həm qlobal dialoqun təşviqi, həm də humanitar gündəmin gücləndirilməsi ilə bağlıdır. 2016-cı ildə Bakıda keçirilən Sivilizasiyalar Alyansı üzrə Qlobal Forum Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi qlobal səviyyədə tanıdılmasının bariz nümunəsidir. Bakı burada gündəm müəyyən edən aktor rolunu oynadı; xüsusilə radikalizmlə mübarizə, tolerantlıq və dinlərarası əməkdaşlıq kimi məsələlərin müzakirəsi Azərbaycanın daxili siyasi modelinin beynəlxalq auditoriyaya təqdim olunması demək idi. Ənənənin davamı kimi, 2024-cü ildə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan əhəmiyyətini göstərdi. İqlim dəyişikliyi kimi qlobal çağırışın müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan birinə ev sahibliyi etməsi ölkəmizi regional enerji ixracatçısından qlobal iqlim gündəminin formalaşdırıcılarından birinə çevirdi.

Azərbaycanın humanitar fəaliyyətinin ən diqqətçəkən tərəfi onun donor ölkə statusunu qazanmasıdır. İndiyə qədər 140-dan artıq ölkəyə humanitar yardım göstərməsi, təbii fəlakətlərdən əziyyət çəkən regionlara maliyyə və resurs dəstəyi verməsi, həmçinin müxtəlif münaqişə zonalarında yardımlar həyata keçirməsi Azərbaycanın beynəlxalq imicini “yardım edən” dövlət kimi formalaşdırıb.

* * *

Azərbaycanın BMT ilə münasibətlərində ən həssas və uzunmüddətli mövzulardan biri Ermənistanın hərbi təcavüzü və onun nəticələri ilə bağlıdır. 1990-cı illərin əvvəllərində münaqişənin ən gərgin dövründə Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasını tələb etmişdi. Bundan əlavə, Təhlükəsizlik Şurası yeddi dəfə sədrin bəyanatı ilə vəziyyətə münasibət bildirib. Baş Assambleya da “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı iki qətnamə qəbul etməklə beynəlxalq hüququn pozulduğunu təsdiqləyib.

Lakin bu sənədlərin icra olunmaması BMT sisteminin əsas paradokslarından birini üzə çıxardı: beynəlxalq hüququn aliliyini təsbit edən qətnamələr böyük güclərin siyasi maraqları qarşısında təsirsiz qaldı. Bakı dəfələrlə qeyd edib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalması qlobal idarəetmə sisteminə etimadı sarsıdır və “selektiv yanaşma” anlayışını möhkəmləndirir. Əslində, Qarabağ məsələsində BMT-nin passivliyi Azərbaycanı öz gücünə arxalanmağa sövq etdi və 2020-ci ildə Vətən müharibəsində bu qətnamələrin faktiki icrası məhz Azərbaycan tərəfindən təmin olundu.

Münaqişənin humanitar aspektləri isə Azərbaycanın BMT gündəmində mütəmadi olaraq qaldırdığı məsələlərdəndir. 3890 Azərbaycan vətəndaşının hələ də itkin düşmüş statusda olması, o cümlədən mülki şəxslərin taleyi humanitar diplomatiyanın əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan BMT Baş Assambleyasında bu məsələnin iki ildən bir gündəmə gətirilməsi təşəbbüsü ilə çıxış edir. Məqsəd beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin taleyi ilə bağlı daha sistemli və effektiv yanaşmaya sövq etməkdir. Məhz bu kontekstdə Azərbaycanın irəli sürdüyü əsas təkliflərdən biri itkin düşmüş şəxslər üzrə BMT Xüsusi məruzəçisinin mandatının yaradılmasıdır. Təşəbbüs, əslində, həm humanitar hüququn qorunması, həm də münaqişə bölgələrində cavabdeh tərəflərin məsuliyyətinin artırılması baxımından əhəmiyyətlidir. Bakı bununla bir daha göstərir ki, münaqişədən sonrakı dövrdə də beynəlxalq hüquqi mexanizmlərin işlək vəziyyətə gətirilməsində maraqlıdır.

* * *

2025-ci ilin avqustunda BMT Baş katibinin bəyanatı Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcını təsdiqlədi. ABŞ Prezidentinin şahidliyi ilə imzalanan çərçivə sazişinin BMT tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycan diplomatiyasının effektivliyini və qlobal aktorlarla koordinasiyalı fəaliyyət qabiliyyətini ortaya qoyur. BMT ilə əməkdaşlığın digər perspektivli nümunəsi 2026-cı ildə Bakıda Dünya Şəhər Forumunun 13-cü sessiyasının keçirilməsi olacaq. Forum həm şəhər planlaması, həm də dayanıqlı inkişaf məsələlərində beynəlxalq təcrübənin paylaşılması üçün platforma yaradır.

Beləliklə, Azərbaycan–BMT münasibətləri ölkənin beynəlxalq siyasətdə mövqeyini gücləndirən, qlobal gündəmləri formalaşdırmaq və regionda stabilliyi təmin etmək üçün davamlı diplomatik strategiya kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,XQ-nin siyasi analitiki,siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
xalqqazeti.az

2Источники