RU

Niyə az yatanların sümükləri daha kövrək olur?

Alimlər yuxunun osteoporozla necə bağlı olduğunu müəyyən ediblər. Surrey və Şeffild universitetlərinin birgə araşdırması sirkadiyalı ritmlərlə sümük metabolizmi arasında əlaqə aşkar edib. Bu yeni məlumat nəzəri cəhətdən osteoporozun müalicəsinin effektivliyini artıra bilər.

Sirkadiyalı ritmlər orqanizmdəki daxili bioloji saatlardır, müəyyən proseslərin işə düşməsini və dayanmasını idarə edir. Məsələn, qaranlıq düşəndə yuxu hormonu melatonin, səhər isə stress hormonu kortizol ifraz olunur. Buna görə insan gecə yatır, gündüz isə ayıq qalır. Scientific Reports jurnalında dərc edilən məqalənin müəllifləri aydınlaşdırıblar ki, sirkadiyalı ritmlərə uyğun olaraq həm də sümük toxumasının dağıdılması prosesi işə düşür.

İnsanın sümükləri daim yenilənir. Osteoklast adlanan hüceyrələr köhnə toxumanı dağıdır (bu proses rezorbsiyadır), osteoblastlar isə yeni toxuma yaradır. Bu proseslər tarazlıqda gedəndə sümüklər möhkəm və sıx qalır. Yaş artdıqca yeni toxumanın yaranması yavaşıyır və bu da xüsusən yaşlılarda osteoporoza – sümüklərin sıxlığının azalması və kövrəkləşməsi xəstəliyinə səbəb olur. Postmenopauza dövründə qadınlar daha çox risk altındadır, çünki bu vaxt estrogen hormonu azalır və sümük toxumasının dağılması sürətlənir.

Yeni araşdırma göstərib ki, bu prosesdə sirkadiyalı ritmlər də mühüm rol oynayır. Tədqiqatda 22 könüllü iştirak edib. Gün ərzində hər iki saatdan bir onlardan sümük metabolizmi ilə bağlı iki marker üzrə qan nümunəsi götürülüb: I tip prokollagenin serum N-terminal propeptidi (sPINP) – yeni sümük toxumasının yaranması ilə bağlı marker və I tip kollagenin serum C-terminal telopeptidi (sCTX) – sümük toxumasının dağıdılması ilə bağlı marker.

Nəticədə məlum olub ki, daxili bioloji saatlar sümük toxumasının rezorbsiyasına cavabdeh olan osteoklastların fəaliyyətini işə salır. Osteoblastların – yeni toxuma formalaşdıran hüceyrələrin işi isə sirkadiyalı ritmlərdən demək olar ki, asılı deyil.

Alimlərin fikrincə, bu xüsusiyyət izah edir ki, niyə növbəli iş rejimi və yuxusuzluq sümük sıxlığına mənfi təsir göstərir və sınıq riskini artırır. Əgər insan sirkadiyalı ritmlərə məhəl qoymursa, sümük metabolizminin tarazlığı pozulur. Tədqiqatçılar həmçinin hesab edirlər ki, yeni məlumat osteoporozun müalicəsində nəzərə alınmalıdır. Əgər anti-rezorbtiv prosedurların vaxtı bioloji ritmlərə uyğun seçilsə, nəzəri olaraq terapiyanın effektivliyi yüksələ bilər.

Hazırladı:

S.ELAY

XQ

Избранный
11
xalqqazeti.az

1Источники