RU

Bakını bürüyün “toy tüstüsü” – Cərimələr artırılacaq?

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir – havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür.

Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə əməl etmir. Nazirlik sahibkarları xəbərdar edir ki, texniki çatışmazlıqlar aradan qaldırılmasa, qanun pozuntularına yol verənlər barəsində inzibati tədbirlər görüləcək. Amma sual açıq qalır: bu monitorinqlər real vəziyyəti dəyişəcəkmi, yoxsa sakinlərin narazılığı yenə də davam edəcək?

Sahibkar məsuliyyətsizliyi

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirir ki, şadlıq evləri və restoranlardan yayılan tüstü ilə bağlı rəhbərlik etdiyi təşkilata da mütəmadi şikayətlər daxil olur. Onun sözlərinə görə, məsələ dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdırılıb. Nazirlik monitorinqlər keçirir, sahibkarlara cərimələr tətbiq edir. Lakin görülən tədbirlər real nəticə vermir.

İradə Həsənova hesab edir ki, əsas problem sahibkarların məsuliyyətsiz yanaşmasındadır: “Düzdür, monitorinqlər aparılır, cərimələr yazılır. Amma çox təəssüf ki, sahibkarlar cəriməni ödəyib, sonra yenə də istədikləri kimi fəaliyyətlərini davam etdirirlər. Əslində həmin obyektlərdə xüsusi filtr və qurğular quraşdırılmalıdır ki, tüstünün qarşısı alınsın. Bəzi iri və məsuliyyətli sahibkarlar buna diqqət yetirirlər, amma bir çoxları hələ də laqeyd davranır. Onlar yalnız öz qazancını düşünür, insanların sağlamlığına, ətraf mühitə heç bir önəm vermirlər. Halbuki havanın çirklənməsi təkcə o küçədə yaşayanları deyil, ümumən bütün cəmiyyəti zərbə altında qoyur. Bu dünyada onların da yaxınları, övladları, doğmaları yaşayır və havanın zəhərlənməsi onlara da təsir edir”.

“Problem şadlıq saraylarının çox olmasıdır”

Ekspertin sözlərinə görə, məsələ yalnız dövlət qurumlarının nəzarəti ilə həll olunmayacaq. İctimai nəzarət, sosial şəbəkələrdə aktiv müzakirə və maarifləndirmə də paralel aparılmalıdır: “Çox istəyərdim ki, bu məsələyə daha ciddi yanaşaq. Sosial şəbəkələrdə bu barədə daha çox tənqidi yanaşmalar ortaya qoyulsun. Yerli icra hakimiyyətləri, bələdiyyələr, vətəndaş cəmiyyəti nümayəndələri birgə çalışmalıdırlar. Maarifləndirmə işi aparılmalı, sahibkarlara iqlim dəyişikliyinin hansı təhlükələr yaratdığı izah edilməlidir. Ola bilsin ki, bəzi sahibkarlar bunun zərərlərini sadəcə bilmirlər. Biz bu gün tədbir görməsək, gələcək nəsillərin sağlamlığı təhlükə altında qalacaq”.

Избранный
59
5
publika.az

10Источники