RU

Şəkər xəstəliyi ən çox görmə itkisinə yol açır

Xalq arasında “şəkər xəstəliyi” kimi tanınan diabet dünyada təxminən 240 milyon insana təsir göstərir. Diabetin ağırlaşması olan diabetik retinopati isə ən çox 20–70 yaş arasında rast gəlinən, qarşısı alına bilən korluğun əsas səbəblərindən biridir.

E-saglam.az xəbər verir ki, Ankara Atatürk Sanatoriya Təhsil və Araşdırma Xəstəxanasının Göz xəstəlikləri üzrə mütəxəssisi dosent Dr. Arif Ülkü Yener, “Dünya Şəkər İstehlakına Diqqət Həftəsi” münasibətilə verdiyi açıqlamada diabetin ən çox korluğa səbəb olan xəstəliklərdən biri olduğunu vurğulayıb və xəstələri müntəzəm göz müayinələrinə getməyə çağırıb.

Diabet və görmə itkisi arasındakı əlaqə nədən ibarətdir?

Araşdırmalara görə, hazırda dünyada 240 milyon diabet xəstəsi var və bu sayın 2030-cu ildə 440 milyona çatacağı gözlənilir.

Dr. Yener bildirib:“Diabetik retinopati – şəkərin göz dibində damarları zədələməsi nəticəsində yaranır. Şəkərə bağlı damarların qan axını azalır, damar divarları qalınlaşır, sızmalar baş verir və nəticədə retinada yeni damarlar əmələ gəlir. Məhz bu yeni damarlar görmə itkisinə ən çox səbəb olur”.

Risk daha çox kimlərdədir?

Diabetin iki tipi olduğunu izah edən Yener qeyd edib ki, Tip 1 diabet daha çox gənclik yaşlarında başlayır və insulinin kifayət qədər ifraz olunmaması səbəbilə görmə itkisi və diabetik retinopati daha çox rast gəlinir.

O, əlavə edib ki:

20 il və daha uzun müddət Tip 1 diabeti olan xəstələrin 90%-də,

Tip 2 diabet xəstələrinin isə 60%-də diabetik retinopati inkişaf edir.

Bu problem adətən 20–70 yaş arasında müşahidə olunur.

Əlamətlər və fəsadları aşağıdakılardır:

Diabetik retinopati xəstəliyin mərhələsinə görə müxtəlif şikayətlərə yol aça bilər. Bəzi hallarda xəstələr ikili görmə ilə həkimə müraciət edir. Bu isə şəkərin beyin sinirlərinə təsiri ilə bağlıdır.

Xüsusilə insulin istifadə edən xəstələrdə əsas problem yeni damarların əmələ gəlməsidir. Bu damarlar kövrək olur, retinanı dartaraq yırtıqlara və göz daxili qanamalara səbəb ola bilər. Nəticədə görmə itkisi baş verir.

Müalicə üsulları arasında:

Lazer terapiyası və retina cərrahiyyəsi – yeni damar əmələ gəlməsi zamanı,

Göz içi inyeksiyalar – sarı nöqtə ödemində istifadə olunur.

Diabet gözün digər hissələrini də təsir edir

Diabet yalnız retina ilə məhdudlaşmır, həm də:

korneda qalınlaşma və göz quruluğu,

qlaukoma,

katarakta,

optik sinir zədələnməsi yarada bilər.

Dr. Yener xəbərdarlıq edib ki, əgər diabet xəstəsində retinopati aşkarlanmayıbsa ildə 1 dəfə, əgər aşkarlanıbsa xəstəliyin mərhələsindən asılı olaraq 3–4 ayda bir dəfə göz müayinəsi vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
10
e-saglam.az

1Источники