RU

Laçında 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Laçın rayonunda “Zəfər yolunun unudulmaz izləri” adlı genişmiqyaslı tədbir təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon Dövlət Təhlükəsizlik Xidmətinin, polis şöbəsinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, “Laçın Abadlıq Xidməti” MMC-nin rəhbərləri, idarə və müəssisə kollektivlərinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub. Şəhid Camal Quliyevin məzarı önünə əklillər və gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov açılış nitqi ilə çıxış edib. Xüsusi nümayəndə bildirib ki, beş il bundan əvvəl Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı: “27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının simvoluna çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə dövlətimizin tarixində yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Məhz həmin günlərdə cəsur, igid oğullarımız Vətən torpaqlarını azad etmək üçün canlarından keçdilər, qanları ilə tarix yazdılar”.

“Prezidentin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiramla yad edirik və onların ruhu qarşısında baş əyirik. Bizim bu torpaqlarda qurub yaratmağımız onların sayəsində mümkün oldu. Onların fədakarlığı sayəsində Azərbaycan bayrağı Laçında, Şuşada, bütün Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Onların qəhrəmanlığı sayəsində biz sülh, təhlükəsizlik və quruculuq dövründə yaşayırıq.
Hər bir şəhidimizin xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Onların ruhu qarşısında bizim ən böyük borcumuz bu torpaqları daha da inkişaf etdirmək, gücləndirmək və gələcək nəsillərə ötürməkdir.
Eyni zamanda, biz şəhid ailələrinin qarşısında baş əyirik. Onlar övladlarını Vətənin suverenliyi və azadlığı uğrunda qurban verdilər, lakin başlarını uca tutdular, kədəri ləyaqətlə daşıdılar. Onların səbr və məğrurluğu bütün xalqımıza nümunədir. Bu gün Vətənimizin azadlığı və gələcəyi uğrunda canından keçən hər bir igidin ailəsi bizim üçün müqəddəs əmanətdir. Qoy Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Vətənimizə bir daha belə ağır sınaqlar göstərməsin,” - deyə Məsim Məmmədov çıxışında vurğulayıb.

Daha sonra Laçın rayon axundu Əsgər Məmmədov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
“LaCinema” kino mərkəzində davam edən tədbirin bədii hissəsində gənc rəssam Fuad Musayevin əsərlərindən ibarət “Zəfər rənglərdə” adlı sərgi nümayiş etdirilib. Ardınca 2 nömrəli Laçın şəhər, Ədalət Məmmədova adına Zabux və Sus kənd tam orta məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin rəsmi hissəsində isə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Azər Rəsulov və Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin direktoru, tarixçi Mübariz Rüstəmov da tədbirdə çıxış ediblər. Çıxışçılar Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan, Azərbaycan əsgər və zabitlərinin döyüş meydanındakı rəşadətindən bəhs edərək vurğulayıblar ki, bu igidliklər xalqımızın yaddaşında əbədi yaşayacaq. Çıxışlarda qeyd olunub ki, hər bir şəhidin adı tariximizin şərəfli səhifəsinə qızıl hərflərlə yazılıb. Onların fədakarlığı sayəsində bu gün xalqımız qalib, dövlətimiz daha güclüdür.

Bədii hissə ilə davam edən anım tədbirində Əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun şəhid Alı Həsənliyə həsr olunmuş “Hər şey yaxşı olacaq” sənədli filmi, eləcə də rejissor Amil Məmiyevin “Titrəmə” adlı filmi nümayiş etdirilib.

Tədbirin sonunda Laçının Seyrəngah adlanan ərazisində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Gün ərzində şəhid ailələri də ziyarət edilərək onlara sovqatlar təqdim olunub.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov sentyabrın 23-də Laçına köçmüş şəhid Sahib Əhmədovun ailəsini ziyarət edib. O, şəhidin həyat yoldaşı Mehriban Binnətovanın yaşadığı evdə yaradılan şəraitlə tanış olub, ailənin mövcud qayğıları ilə maraqlanıb.

Избранный
13
4
apa.az

5Источники