RU

Trump yolu. Ermənistanın Süniki kimə daha çox lazımdır: ABŞ-a, İrana, Aİ-yə, yoxsa Rusiyaya?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Son illərdə Ermənistanın cənubundakı Sünik vilayəti Yerəvanla Bakı arasında yeni münaqişə zonasına və Qarabağ ermənilərinin qaçdığı qapıya çevrilib. İndi isə hər iki ölkənin liderləri aralarında sülhün bərqərar olduğunu deyirlər, Sünikdən isə ABŞ, Rusiya və Avropa İttifaqının maraqlarının kəsişdiyi ticarət yolunun bir hissəsi olan "Tramp marşrutu" keçəcək.

"Biz Tramp yolu üzərindəyik, həmçinin "Sülh kəsişməsi", "İpək yolu", "Zəngəzur dəhlizi" və "Sünik qapısı" kimi tanınan bu yoldayıq. Amma görünüşü belədir", - deyə jurnalist Marut Vanyan əllərini açaraq bildirir.

Ətrafda Ermənistanla İran sərhədində sovet dövründən qalmış dəmir yolunun xarabalıqları var. Onun tikintisi hələ Rusiya imperiyası dövründə başlamışdı və sonradan Bakı–Yerəvan dəmir yolu magistralının bir hissəsinə çevrilmişdi. İndi isə bu xətdən cəmi on-on beş metr rels və bir neçə paslı vaqon qalıb.

Sözügedən tərk edilmiş stansiyanın, şüşələri sınmış pəncərələrinin qarşısında Bakı komissarı Stepan Şaumyanın büstündən qalmış postament durur. Komissarın başının qalıqları yan tərəfə atılıb. Nisbətən yaxşı qalmış başqa bir heykəl isə ya kəndli qadın, ya da fəhlə obrazıdır; yalnız qolu qopub.

"Bura hələ ki, heç də Amerika üslubunda görünmür", — deyə Marut zarafatla əlavə edir. Onun 42 yaşı var, intellektual görkəmi: arıq bədəni, eynəkləri, düşüncəli baxışı ilə yanaşı, sonsuz zarafatları ilə seçilir: "Niyə ermənilər aspirini sevmir? Çünki o, ağrını azaldır!"

Ermənistanın cənubundan keçən dəmir yolu Dağlıq Qarabağ uğrunda müharibənin başlandığı 1990-cı illərin əvvəllərində dağıdılıb.

Otuz il sonra, Azərbaycan mübahisəli ərazi üzərində nəzarəti bərpa etdikdə, sülh öz-özünə geri dönmədi.

Prezident İlham Əliyev Sünikdən keçən bir dəhlizin açılmasını tələb edirdi, bu bölgə həm də Zəngəzur adlanır - layihənin ilkin adı da buradan gəlir: Zəngəzur dəhlizi.

Bu dəhliz ölkəni onun eksklavı olan Naxçıvanla birləşdirməlidi.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistandan keçən yüklərə sərhəd və gömrük nəzarətinin tətbiq olunmasında israr edirdi, lakin Bakı bu dəhlizin heç bir yoxlama olmadan açılmasını istəyirdi.

Sərhədlərdə toqquşmalar baş verirdi və Ermənistanda bir çoxları Sünikdə yeni müharibə gözləyirdi.

Marut üçün bu o demək idi ki, 2023-cü ilin sentyabrında Qarabağdan Ermənistana qaçdıqdan sonra, bir müharibə teatrından digərinə düşmüşdü: bu bölgə növbəti münaqişə zonasına çevrilə bilərdi.

Qaliblər və məğlublar yer dəyişmişdi: əgər 1990-cı illərdə bütün azərbaycanlı əhali erməni qoşunlarının hücumundan qaçaraq Qarabağdan çıxmışdısa, indi Azərbaycan ordusunun əməliyyatı nəticəsində bütün Qarabağ erməniləri bölgəni tərk etmişdi.

2023-cü ildə Qarabağlıların yolundakı ilk dayanacaq məhz Ermənistanın cənubundakı Sünik vilayəti oldu, lakin Marut dərhal burada məskunlaşmadı.

Onun qohumları Yerevanda yerləşdi, çünki orada iş tapmaq daha asan idi, Marut isə iki il ərzində qaçqın statusunda altı ünvanı dəyişdi və nəhayət Sünikə qayıtdı.

Burada yaşamaq daha ucuzdur, adət-ənənələr Qarabağdakına daha yaxındır və yerli sakinlər demək olar ki, Qarabağ ermənilərinin danışdığı eyni dialektdə danışırlar.

Bu müddət ərzində bölgə xeyli dəyişib.

Qədim Qoris şəhəri Dağlıq Qarabağa gedən yolun əsas dayanacağı idi, lakin əvvəllər işlək olan yol indi tikanlı məftillərə aparır.

Bu yolda yerləşən böyük mehmanxana, əvvəllər Ermənistan Prezidenti, Rusiya və Qərb jurnalistləri burada qalırdı, indi boşdur.

Foyedə və pilləkənlərdə işıq yoxdur.

Marut azsaylı sakinlərdən biridir.

O, çox sadə şəraitli bir otaqda böyük endirimlə qalmaq üçün razılaşıb.

İstilik sistemi yoxdur, çünki bir qonaq üçün onu işə salmayacaqlar.

Əlavə ödənişlə elektrikli qızdırıcı götürmək mümkündür.

İndi Sünikin gələcəyi ABŞ Prezidenti Donald Trump ilə bağlıdır, o, "Zəngəzur dəhlizi" ətrafındakı mübahisəni gözlənilmədən həll etdi.

Avqust ayında o, Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul etdi və onlar kompromisə gəldilər.

Yolun idarəçiliyi 99 ilə qədər müddətə bir Amerika şirkətinə veriləcək və marşrut "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" adlanacaq (ingilis dilində qısaltması - TRIPP).

Dəmir yolundan əlavə, bu razılaşmada qaz kəməri, neft kəməri və optik-lifli kabelin çəkilməsini də nəzərdə tutulur.

İndi həm Əliyev, həm də Paşinyan deyirlər ki, iki ölkə arasında sülh bərqərar olub və artıq müharibə olmayacaq.

Tramp da mütəmadi olaraq, münaqişənin başa çatması barədə hesabat verir, baxmayaraq ki, Ermənistanı Albaniya, Azərbaycanı isə Kamboca ilə qarışdırır.

Əslində sülh müqaviləsi hələ imzalanmayıb və 2026-cı ilin ortalarına qədər imzalanması da çətin görünür.

"Tramp marşrutu"nun necə görünəcəyi də hələ məlum deyil.

Əliyevin Ermənistan tərəfinin heç bir yoxlama aparmadığı bir dəhliz tələbindən imtina edib-etməyəcəyi də aydın deyil.

Bu tələb Paşinyanın qəbul etməyə hazır olmadığı demək olar ki, yeganə şərt olaraq qalır.

Lakin Trampın müdaxiləsi yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də əvvəllər Rusiyanın dominant olduğu postsovet məkanındakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişə bilər.

ABŞ Dövlət Departamentinin köməkçisi sentyabr ayının sonunda bəyan edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Vaşinqton üçün uzunmüddətli maraq kəsb edir.

Sentyabrda Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Yerevana səfər edib və marşrut üzrə işlərin başlanması üçün ABŞ-ın 145 milyon dollar ayıracağını açıqlayıb.

Əgər 2020-ci ilin sonunda müharibənin dayandırılması ilə bağlı razılaşma (onun sözlərinə görə), şəxsən Vladimir Putin tərəfindən rus dilində hazırlanmışdısa, yeni sülh müqaviləsinin mətni Vaşinqtonda təsdiqlənib və ingilis dilində yazılıb.

Moskva bu yolun açılmasında aparıcı rol oynamaq iddiasında idi, lakin indi bu yol ABŞ Prezidentinin adını daşıyacaq və Rusiyaya bu layihədə heç bir rol verilməyib.

Kreml istəyirdi ki, yolu Rusiya FSB-nin sərhəd qoşunları qorusun, lakin həm Azərbaycan, həm də Ermənistan bunu istisna edir.

Ruslar hələ də Ermənistanla İran sərhədində - Tramp marşrutunun keçməli olduğu ərazidə xidmət aparırlar.

Biz bunu öz gözümüzlə gördük: qarşımızda "Rusiya FSB-nin Sərhəd Xidməti" yazısı olan "UAZ Patriot" avtomobili park etdi.

Avtomobildən geyimində ayı və Rusiya üçrəngli bayrağı təsvir əks olunmuş nişan olan bir gənc çıxdı.

Onu yalnız bir şey maraqlandırırdı: dronu kim uçurur?

Dronu biz uçurmamışdıq.

Moskva gözlənildiyi kimi ABŞ-ın Cənubi Qafqazda fəallaşmasına əsəbi reaksiya verdi.

"Qərb sistemli şəkildə Rusiyanı sərhədlərimiz boyunca bizi qonşu dövlətlər (keçmiş qardaş sovet respublikaları) vasitəsilə düşmənçiliklə əhatə etməyə davam edir- […] Qafqaz qonşularımız - Azərbaycan və Ermənistanda yeni dönüşlər baş verir", - deyə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin yazıb.

Lakin Bakı və Yerevandakı ekspertlər öz "düşmənçiliyini" Qərbin oyunları ilə deyil, Rusiyanın bölgədəki sərt siyasəti və Ukraynadakı müharibəsi ilə izah edirlər.

Elə burada, Sünikdə, Ermənistanın ən böyük vergi ödəyicisi yerləşir və bu müəssisə də ruslara məxsusdur.

Zəngəzur mis-molibden kombinatı dağlarda yerləşən nəhəng açıq mədən sahəsidir.

Ermənistanın Avropa İttifaqına üzv olmaq kursunu elan etməsinə baxmayaraq, 2022-ci ildə Nikol Paşinyan hökuməti bu müəssisənin ABŞ və Britaniya sanksiyaları altında olan rus milyarderinə yaxın şirkətlərə verilməsini təsdiqlədi.

Lakin Rusiyanın təsirindən daha aydın şəkildə burada İranın varlığı hiss olunur.

Sünik İran İslam Respublikası üçün əsas ticarət mərkəzidir.

Yollarda İran nömrəli yük maşınları hərəkət edir, vilayət mərkəzi Kapan şəhərində isə telefonla biznes müzakirə edən, qalın jilet geyinmiş İranlı biznesmenlər görünür.

İki ölkə arasındakı sərhəd Araz çayı boyunca uzanır və "Tramp marşrutu" məhz bu çayın kənarı ilə keçməlidir.

"Tramp marşrutu" ilə bağlı danışıqlar hələ yeni başlamış olsa da, İran şirkətləri artıq Araz çayı üzərindən həm Ermənistana, həm də Azərbaycana yeni körpülər tikirlər.

Bu körpülərdən biri faktiki olaraq, ABŞ Prezidentinin adını daşıyacaq yolun üzərindən keçir.

ABŞ-ın İsrailin İranla müharibəsindəki son iştirakı nəzərə alınarsa, Amerika və İran şirkətlərinin Ermənistanın Sünik vilayətində sülh şəraitində birgə fəaliyyət göstərə biləcəyi suallar doğurur.

İran həmçinin Ermənistana təbii qaz tədarük edir, bu qaz elektrik enerjisinə çevrilir və sonra geri, İrana ixrac olunur.

Regionda daha bir oyunçu Avropa İttifaqıdır, o, gələcək marşrutu Rusiyadan yan keçməklə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən "Orta Dəhliz"in bir hissəsi kimi görür.

Sünikdə Aİ-nin monitorinq missiyası fəaliyyət göstərir, bu missiya Ermənistan-Azərbaycan sərhədində atəşkəsin qorunmasına nəzarət edir.

Regionda yaxın zamanlarda Fransanın konsulluğu da açılıb, bu ölkə qarabağlı qaçqınlar üçün sosial proqramları maliyyələşdirir və hətta Ermənistana silah satır, formal olaraq qarşı tərəflərdə dayansalar da: Fransa NATO-nun, Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT blokunun üzvüdür.

"Ermənistan hakimiyyəti deyir ki, hər şey yaxşı olacaq, milyardlarla investisiya gələcək, yollar açılacaq, İranla, Amerika ilə, Avropa ilə, Türkiyə ilə, Azərbaycanla ticarət aparacağıq, hər şey yaxşı olacaq", - deyə Marut Vanyan gülümsəyərək bildirir.

O bu proqnozlara inanmağa tələsmir.

Sünik sakinləri son beş ildə yeni müharibə qorxusu ilə yaşayıblar.

Marut hər gün YouTube-da erməni ekspertlərin çıxışlarına baxır, onların çoxu Azərbaycanın Ermənistana yenidən hücum edəcəyinə əmindir: 2021-ci ildə Əliyevin dəhlizi güc yolu ilə açmaqla hədələdiyi müsahibəsinə istinad edirlər.

Müxalifətçi şərhçilər yaxın müharibəni proqnozlaşdırır, hakimiyyətə yaxın olanlar isə əksinə, sülh və açıq sərhədlər vəd edirlər.

Onlar Ermənistanın əvvəlki rəhbərlərini tənqid edirlər, guya Qarabağ uğrunda münaqişəni Ermənistanın öz maraqlarından üstün tutublar.

"İndi hər şey sakitdir. Amma sabah nə olacağını bilmirik", - deyə Marut ah çəkir.

Lakin Ermənistan hakimiyyətini tənqid edənlər belə Vaşinqton görüşündən sonra sərhəd kəndlərinin bir dəfə belə atəşə tutulmadığını inkar edə bilmirlər.

Yeni münaqişə ilə bağlı daimi spekulyasiyalar insanların həyat enerjisini iflic edir: xüsusilə müharibədən yeni qaçanlar üçün.

Marut deyir ki, Qarabağdan köçdükdən sonra gələcək haqqında düşünmək və plan qurmaq onun üçün mümkün olmayıb:

"Elə bil robotam, sadəcə, yaşayırsan ki, yaşayasan. İki il keçib, amma hələ də başa düşmək çox çətindir ki, bizim başımıza nə gəldi. Düşünürdüm ki, bu yalnız mənim başıma gəlib. Amma Qarabağdan olan dostlarımla danışanda hamı deyir: bizdə də eyni diaqnozdur".

Bütün Qarabağ erməniləri evlərinə qayıtmağı arzulayırlar.

Azərbaycan bildirir ki, onları geri qəbul etməyə hazırdır, lakin yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda.

Onlar isə buna hazır deyillər.

Qaçqınların bir hissəsi hələ də revanş ümidi ilə yaşayır: Rusiyanın və ya Qərbin birdən-birə Ermənistanı Azərbaycana qarşı dəstəkləyəcəyinə inanırlar.

Marut anlayır ki, bu, sadəcə, xəyallardır, amma öz evini unutmağa tələsmir və Qorisdə yaşamağı da qismən ona görə seçib ki, doğma torpağa daha yaxın olsun.

O, bir dəfə taksiyə mindiyini xatırlayır:

"Sürücü soruşdu: hara gedirik? Dedim: Stepanakertə. Onun yaxşı yumor hissi var idi və Qarabağ istiqamətində sürdü. Tezliklə tikanlı məftilləri gördük. Qarşımıza hərbçilər çıxdı və dedilər: geri dönün, buradan keçmək olmaz".

Köçdən sonrakı ilk həftələrdə Marut hər gecə yuxuda Qarabağı görürdü, indi isə Stepanakertə , yəni indiki adı ilə Xankəndiyə virtual ekskursiyalara aludə olub.

Boş mehmanxanada təkbaşına kiçik otaqda oturaraq, azərbaycanlıların sosial şəbəkələrdə paylaşdığı doğma şəhərindən videolara baxır.

Bir çox erməni bu paylaşımlarda qaliblərin məğlublara istehzasını görsələr də, Marut deyir ki, azərbaycanlılara minnətdardır, heç olmasa, bu yolla şəhərində nə baş verdiyini öyrənə bilir.

Hazırda onun bütün əşyaları bir kiçik çemodana sığır, amma arxada dördotaqlı ailə mənzilini qoyub.

Azərbaycan şəhəri yenidən qurur.

Rəsmi məlumatlara görə, yeni tikilmiş Qarabağ Universitetində artıq 2 mindən çox tələbə təhsil alır; dəmiryolu və avtovağzalın tikintisi davam edir.

Marut xatırlayır ki, Qarabağ ermənilərinin köçündən sonra bir verilişə baxırdı: orada Ağdamdan olan azərbaycanlı qaçqın doğma şəhərinə qayıtmışdı və evinin xarabalıqlarını vanna otağındakı kafellə tanımışdı.

Marut öz mənzilinin aqibətini bilmir, çünki videolarda yalnız onun küçəsi görünür, amma evin özü yox.

Избранный
58
4
bbc.com

5Источники