RU

Qəzzada daha bir jurnalist İsrail hücumu nəticəsində həlak olub

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.

TurkicWorld xəbər verir ki, Qəzzadakı hökumətin Media Ofisinin yaydığı yazılı açıqlamada bildirilib ki, İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində bir çadıra hava hücumu həyata keçirib. Nəticədə, Fələstin Media Mərkəzinin əməkdaşı, jurnalist Məhəmməd əd-Daye həlak olub.

Açıqlamada qeyd olunur ki, 7 oktyabr 2023-cü ildən bu günədək Qəzzada öldürülən jurnalistlərin sayı 252-yə çatıb.

Jurnalistlərin sistemli şəkildə hədəf alınaraq öldürülməsi ən sərt ifadələrlə qınanıb, Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Federasiyası və bütün media qurumları Qəzzada jurnalistlərə qarşı törədilən bu sistemli cinayətləri qınamağa çağırılıb.

Eyni zamanda, beynəlxalq ictimaiyyətə müraciət edilərək Qəzzada davam edən soyqırımın dayandırılması, jurnalistlərin qorunması və onların öldürülməsi ilə bağlı İsrailə təzyiq göstərilməsi tələb olunub.

Избранный
19
turkic.world

1Источники