Qəbələ, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çox yüksək səviyyədə təşkil olunub. Azərbaycan Stolüstü Tennis Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birlikdə daim bu idman növünün inkişafı üçün çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam deyib.
O, Azərbaycan təmsilçilərinin Oyunlardakı çıxışına toxunaraq deyib: “Yarışa gəlincə, idmançılarımız yüksək nəticələr göstərirlər. Bu gün gümüş medal qazandılar. Günün ikinci yarısında finala çıxan idmançılarımız oldu. Finalda yaxşı nəticələr gözləyirik. İdmançılardan razıyıq. Onur, Mərziyə, Yağmur da yaxşı çıxış edir. Bütün idmançılardan yaxşı nəticələr və qızıl medal gözləyirik”.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.