RU

Aktau şəhərində 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunda 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə baş konsulluğun əməkdaşları, Türkiyənin, Özbəkistanın, Türkmənistanın Aktaudakı baş konsulları və əməkdaşları,  Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

İştirakçılar  Vətən Müharibəsini özündə əks etdirən fotosərgi və kitablarla tanış olublar. 

Tədbirin əvvəlində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatdan söz açıb, bunun qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanla 44 gün davam edən Vətən müharibəsindən danışıb,  Vətən Müharibəsindən sonra regionda yeni reallıqlar formalaşdığını,  Azərbaycanın bu gün Cənubi Qafqazın aparıcı gücü olaraq sülhün və təhlükəsizliyin təminatçısına çevrildiyini diqqətə çatdırıb. 

Baş konsul Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri barədə məlumat verib. 

Azərbaycanin TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı  öz çıxışında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı şəhərdə TÜRKSOY tərəfindən keçirilmiş tədbirlərdən söz açıb və redaktoru olduğu “Şuşa Qarabağın tacı, Qafqazın incisi, Türk dünyasının Mədəniyyət paytaxtı” kitabını baş konsulluğa hədiyyə edib.

Aktaudakı “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov çıxışında ordumuzun rəşadətindən, xalqımızın müharibə zamanı göstərdiyi birlikdən söz açıb və iştirakçılara Vətən Müharibəsi iştirakçısı, Ş.Yessenov adına Universitetin tələbəsi Vüsal Məhərrəmlini təqdim edib.

Vətən Müharibəsi iştirakçısı Vüsal Məhərrəmli  keçdiyi döyüş yolundan danışıb.

Çıxışlar zamanı böyük ekranda Vətən Müharibəsi ilə əlaqədar baş konsulluq  tərəfindən hazırlanmış slayd-şou və “Şuşa, sən azadsan” sənədli filmi nümayiş etdirilib, şəhidlərimizin ruhuna ehsan verilib.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 

 

 

Избранный
9
xalqqazeti.az

1Источники